Modern.az

Diaspor Gənclərinin Vll Yay Düşərgəsinin ikinci günündə sessiya keçirilib 

Diaspor Gənclərinin Vll Yay Düşərgəsinin ikinci günündə sessiya keçirilib 

Diaspor

Bu gün, 11:36

Diaspor Gənclərinin VIl Yay Düşərgəsi çərçivəsində avqustun 3-də düşərgənin ikinci günü iştirakçılar üçün maarifləndirici sessiya təşkil olunub. Sessiya diaspor gənclərinin məskunlaşdığı “Lachin Resort & Spa” hotelində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti mövzusuna həsr edilib.

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək gənclərə Komitənin həyata keçirdiyi layihələr, xaricdə yaşayan azərbaycanlılarla iş istiqamətində görülən fəaliyyətlər, diaspor siyasətinin əsas prioritetləri və Diaspor Gənclərinin Yay Düşərgəsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Sessiya interaktiv formatda təşkil olunub. Xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər onları maraqlandıran sualları səsləndirib, müxtəlif ölkələrdə diaspor fəaliyyətinin təşkili, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, gənclərin diaspor quruculuğunda rolu və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evlərinin fəaliyyəti, bu mərkəzlərin diaspor üzvlərinin bir araya gəlməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində gördüyü işlər barədə də sual-cavab sessiyası keçirilib. İştirakçılar müxtəlif ölkələrdəki təcrübələrini bölüşərək təklif və təşəbbüslərini səsləndiriblər.

Məlumatlandırma sessiyasından əvvəl diaspor gəncləri ilə müxtəlif maarifləndirici oyunlar keçirilib. Səhər saatlarında yoqa üzrə ixtisaslaşmış təlimçi Ruqiyyə Əşrəfli səhər idmanında gənclərə dəstək olub.

Qeyd edək ki, düşərgənin ilk günü – avqustun 2-də Zəngilan Konqres Mərkəzində Diaspor Gənclərinin Vll Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimi elmi və bədii olmaqla iki hissədən ibarət olub. Tədbirdə ölkəmizin diaspor siyasətinin prioritet istiqamətləri, xaricdə yaşayan gənclərin Azərbaycanla əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, bədii proqram isə milli-mədəni irsimizi əks etdirən çıxışlarla yadda qalıb.

Açılış mərasimindən sonra düşərgə iştirakçıları Zəngilan məscidini ziyarət edib, daha sonra tarixi Xudafərin körpüsünə ekskursiya ediblər. Gəzinti zamanı gənclərə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionun tarixi, mədəni və strateji əhəmiyyəti barədə məlumat verilib.
Diaspor Gənclərinin Yay Düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, onların milli kimliyə bağlılığının gücləndirilməsi, diaspor fəaliyyətində fəal iştirakının təşviq edilməsi və müxtəlif ölkələrdən olan gənclər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil olunur. Düşərgə çərçivəsində növbəti günlərdə də iştirakçılar üçün maarifləndirici sessiyalar, panel müzakirələri, mədəni proqramlar və işğaldan azad olunmuş ərazilərə səfərlərin davam etdirilməsi nəzərdə tutulur.

1539119

1539120

1539122

1539123

1539124

1539126

 

Nicat Rüstəmzadə

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya şəhərlərini BOMBALAYIR - Universitet partladıldı