Rusiya, Fransa, Böyük Britaniya və Almaniyadan olan sabiq dövlət rəsmilərinin iyul ayında Vyanada Ukrayna münaqişəsinin sülh yolu ilə həlli imkanlarını müzakirə etdiyi iddia olunur.
Modern.az xəbər verir ki, Bloomberg agentliyi mənbələrinə istinadən yazıb ki, görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün mümkün razılaşma şərtləri müzakirə olunub.
Məlumata görə, görüşdə Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın sabiq dövlət katibi Markus Ederer və fransalı diplomat Pyer Vimont iştirak edib. Agentliyin mənbəsi Rusiya tərəfdən iştirak edən sabiq rəsmilərin adını açıqlamayıb.
Bloomberg yazır ki, hazırda Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ilə əməkdaşlıq edərək Rusiya ilə birbaşa danışıqların təşkili imkanlarını araşdırır.
Mənbələr görüşün Avropa "üçlüyü" ölkələri tərəfindən rəsmi şəkildə təsdiqlənib-təsdiqlənmədiyini açıqlamayıb. Bununla belə, bildirilib ki, Böyük Britaniya bu cür təşəbbüsləri dəstəkləyir, Fransa isə aparılan təmaslardan xəbərdardır.
Xatırladaq ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Rusiya və Almaniya nümayəndələri arasında gizli danışıqların keçirildiyini açıqlamışdı.
Onun sözlərinə görə, Rusiya tərəfdən görüşdə sabiq baş nazir Viktor Zubkov və Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev iştirak edib. Əliyev bildirib ki, həmin görüşdə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli məsələləri müzakirə olunub.