Zəngilan rayonunda “Dirçələn şəhərlər” mövzusunda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilir.
Modern.az xəbər verir ki, Zəngilan Konqres Mərkəzində təşkil olunan açılış mərasimində dövlət qurumlarının nümayəndələri, qonaqlar və dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclər iştirak edirlər.
Düşərgəyə xaricdə təhsil alan və müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər qatılıblar. İştirakçılar Laçın şəhərində yerləşən “Lachin Resort & Spa” hotelində məskunlaşıblar.
Mərasimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılış nitqi ilə çıxış edib. Qonaqları salamlayan komitə sədri bildirib ki, xaricdə yaşayan soydaşlarımızın bu torpaqlara gəlməsi xüsusi əhəmiyyət daşıyır.
F. Muradov düşərgənin təşkilində məqsəddən də söhbət açıb: "Bu düşərgənin əsas məqsədi gənclərimizin Qarabağı yaxından tanıması, Azərbaycan həqiqətlərini öyrənməsi və yaşadıqları ölkələrdə düzgün şəkildə təbliğ etməsidir. Siz müxtəlif ölkələrdə yaşasanız da, Azərbaycan sizin Vətəninizdir və bu torpaqlarla bağınızı heç vaxt itirməməlisiniz.
Azərbaycan xalqı uzun illər işğal altında qalmış torpaqlarını birlik, həmrəylik və qətiyyət sayəsində azad etdi. Bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri ölkəmizin gücünü və gələcəyə inamını nümayiş etdirir.
Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu dayanır. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və inkişafının əsas təminatlarından biridir".
Komitə sədri çıxışında diaspor fəaliyyətindən də danışıb: "Diaspor fəaliyyətində əsas məqsəd Azərbaycan kimliyini, dilini və mədəniyyətini qorumaqdır. Harada yaşamağınızdan asılı olmayaraq, ilk növbədə "Mən azərbaycanlıyam" deməyi qürur bilməlisiniz. Kimliyimiz bizi dünyaya tanıdır.
Bu gün informasiya müharibəsi dövrüdür. Azərbaycana qarşı müxtəlif dezinformasiyalar və qarayaxma kampaniyaları aparılır. Sizdən gözləntimiz odur ki, bilik və bacarığınızla ölkəmizin haqq səsini yaşadığınız cəmiyyətlərdə çatdırasınız.
Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarına daim dəstək göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları müxtəlif layihələr, forumlar və yay düşərgələri vasitəsilə gənclərin birliyini və əlaqələrini gücləndirir. Ən böyük istəyimiz sizin sağlam, savadlı, milli dəyərlərə bağlı və vətənpərvər gənclər kimi yetişməyinizdir. Azərbaycanın gələcəyi sizin bilik və fəaliyyətinizdən asılıdır".
Çıxışının yekununda F. Muradov bu düşərgənin təşkilində əməyi olan bütün dövlət qurumlarına və əməkdaşlara təşəkkür edərək, uğurlar arzulayıb.
Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək düşərgə çərçivəsində gənclər üçün zəngin proqram hazırlanıb. Proqramda müxtəlif dövlət qurumlarının nümayəndələrinin çıxışları, panel müzakirələri, görüşlər, təqdimatlar, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuq prosesi ilə bağlı məlumatlandırıcı tədbirlər təşkil ediləcək. Bununla yanaşı, iştirakçılar bölgənin tarixi və görməli məkanlarına səfərlər edəcək, mədəni və intellektual tədbirlərə qatılacaqlar.



Nicat Rüstəmzadə