Modern.az

Gəncədə dağıntılar altından tapdığı oyuncağı övladına aparan jurnalist...

Gəncədə dağıntılar altından tapdığı oyuncağı övladına aparan jurnalist...

Media

21 Oktyabr 2020, 09:18

Üç gün öncə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atılan raket insanlıq cinayəti, terror aktı törətdi. Nəticədə şəhər dağıntılar altında qaldı, mülki vətəndaşlar həlak oldu. Həmin gecə müxəlif ölkələrdən gəlib çəkilişlər aparan jurnalistlər, bu qəddarlığı bütün dünyaya xəbər verirdi. 

 

Orada olanlardan biri də Türkiyə mətbuatından "Doruk medya"nın baş direktoru Hüseyn Atam idi. O, çəkiliş apararkən dağıntılar arasında qalmış sınıq bir maşın oyuncağına rast gəlib və bunu övladına bağışlayıb.

 

Jurnalist Modern.az-a deyib ki, o, oğlunun azərbaycanlı xalqına qarşı törədilən vəhşiliyi unutmamasını istəyib:

 

“Azərbaycana gedərkən oğlum məndən əsgər maşın oyuncağı istəmişdi. Gəncədə komandamız ilə çəkiliş aparıb dağılan evləri gəzərkən gözümə bir oyuncaq maşın dəydi. Hər yeri qırıq-qırıq olmuşdu. O an, ağlıma övladımın istəyi gəldi və oyuncağı özümlə apardım. Niyə, çünki onun düşmənini tanımasını, o qırıq maşının ağlında qalmasını istədim. Oyuncağı oğluma göstərəndə, bunu kimin qırdığını soruşdu. “Bu sənin Azərbaycandaki dostunun maşını idi. Düşmən qırdı onu. Sən böyüyüb, onların qisasını alacaqsan” dedim. İndi otağında saxlayır”.

 

Hüseyn Atam Gəncədə baş verən hadisələrlə bağlı təəssüratlarını da bizimlə bölüşüb:

 

“Hadisəni eşitdiyimiz an Gəncəyə yollandıq. Bu şəhəri daha əvvəl də ziyarət etmişəm. Qədim bir mədəniyyət ocağıdır. Azərbaycan tarixində ilk rəsmi paytaxt olduğu üçün xüsusi əhəmiyyətə  malikdir. Ermənilərin hadisəni törətməkdə məqsədi, xalqda qorxu və panika yaratmaq idi. Bizim də ora getməmizdə iki əsas səbəb var idi: erməni vandalizminin sivil insanları hədəf aldığını dünyaya göstərmək və Gəncə, Azərbaycan xalqına Türkiyədən dəstək verdiyimizi bildirmək. O gecə insanların üzündə düşmənə qarşı hirs gördüm. Yaşlı bir qadının dedikləri yadımdan çıxmır. O deyirdi ki, “ey alçaq erməni, bizim igidlərimiz sizinlə savaşır. Sən mülki əhalidən, günahsız uşaqlardan nə istəyirsən, gücün varsa şanlı ordumuzla savaş!”. Çox haqlı idi. Ermənilər şanlı Azərbaycan ordusu ilə döyüşəcək gücə malik deyil ”.


Fidan ƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı