Modern.az

Cəbhə jurnalisti: “Yaşlı qadını yaralı gördükdə öz yaralarımı unutdum”

Cəbhə jurnalisti: “Yaşlı qadını yaralı gördükdə öz yaralarımı unutdum”

Media

21 Oktyabr 2020, 10:33

Cəbhə xəttində çəkiliş aparan AzTV-nin əməkdaşı Anar Şuşalının yaralandığı barədə məlumat vermişdik. Həmkarımız hadisə ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.


“Biz AzTV olaraq cəbhənin müxtəlif istiqamətlərində çəkiliş edirik və çalışırıq ki, ən dolğun xəbərləri çatdıraq. Elə bu məqsədlə sentyabrın 27-dən müxtlif istiqamətlərdə çəkilişlərə başladıq.

Əvvəlcə Füzuli istiqamətinə getdik. İki gün sonra Ağdam, Ağcabədi ,Tərtər və Goranboy istiqamətinə yollandıq, müəyyən çəkilişlər edirdik ki, ictimaiyyəti məlumatlandıra bilək. Hadisə oktyabrın 19-da gündüz saat 3-ün yarsında baş verdi.

Cəbhədən məlumat aldım ki, erməni silahlı birləşmələri yenə iyrənc xislətindən əl çəkmir. Mülki insanlarımızı qorxutmaq üçün kəndləri, qəsəbləri atəşə tutmağa başlayıblar”.

Jurnalistin sözlərinə görə, iki mərminin düşməsi nəticəsində Bənövşələr qəsəbəsində daha çox dağıntı olub.

“Bənövşələr qəsəbəsinə gəldik. Qəfldən yaxınlığmıza mərmi düşdü.  Belə hallarla çox rastlaşdığımızdan öz işimizi davam etdirmək istədik. Lakin bu zaman yaxınlıqda dağılmış evdən qadın iniltisi eşitdim. Doğrusunu deyim, bu məqamda peşəkarlıq unudulur. Düşünürsən ki, sən də insansan. İnilti gələn evə daxil olanda üç qadını yaralı vəziyyətdə  gördüm. Onlardan biri çox yaşlı idi və vəziyyəti ağır idi. Onu mütləq xəstəxanaya çatdırmalı idim. Lakin ona yaxınlaşan zaman yenidən yaxınlığımıza mərmi düşdü. Bu zaman özümüzdən qeyri-ixtiyari olaraq yerə uzandıq. Ancaq hamımız müxtəlif şəkildə yaralandıq”.

 

Jurnalist yaşlı qadını küçəyə çıxararkən öz maşınlarının yararsız vəziyyətə düşdüyünü görüb.


“Bu hadisədən sonra mən yaşlı qadını xəstəxanaya çatdırmaq üçün küçəyə çıxdım. Gördüklərimdən dəhşətə gəldim. Maşınımız bərbad vəziyyətdə idi. Şinlərdən yalnız biri salamat qalmışdı. Yanacaq çəni və digər hissələrdə qəlpə deşiyi əmələ gəlmişdi. Mən Allaha yalvardım ki, maşın işə düşsün. Çünki qadın çox pis vəziyyətdə idi. Qadını öndə əyləşdirdim  və maşını işə saldım. Maşının təkərləri partladığından təkərlərin asfalt örtüyünə sürtünmə nəticəsində alov əmələ gəlirdi. Maşını saxlayıb, yanğını söndürüb yenidən yola düşürdüm.

Nəhayət həmin qadını Ağdam Mərkəzi Xəstəxanasına çatdırdım. Düzü özümdə də ağrı hiss edirdim. Amma həm də özümü unutmuşdum. Özümdə olan ağrını anlamaqda çətinlik çəkirdim. Qadını xəstəxanaya çatdıranda həkimlər mənim təkidlə sarğı otağına getməyimi istədilər. Başa düşmədim. Sarğı otağında məni müayinə etdilər və əməliyyat otağına apardılar. Onda bildim ki, məndə qəlpə var. Böyrəyimin alt tərəfinə daş qırıntısı da girmişdi. Qırıntını çıxardılar. Həkim mütləq xəstəxanada qalmalı olduğumu bildirdi. Lakin mən onlara söylədim ki, yaralı hərbçilərimiz gedib döyüşürlər. Mən də öz vəzifəmi yerinə yetirib Azərbaycan əsgərinin nəyə qadir olduğunu dünyaya və ölkə ictimaiyyətinə çatdırmalıyam. Həkimlər inadla xəstəxanada qalmalı olduğumu desələr də, ağrıkəsici iynədən sonra xəstəxanadan getdim”.

Anar Şuşalı azərbaycanlı və dünya jurnalistlərinə müraciət edib:


“Bizim jurnalistlərə bildirmək istəyirəm ki, doğru xəbər yalnız Müdafiə Nazirliyi tərəfindən verilən rəsmi məlumatdır.  İnformasiya müharibəsi apardığımız aydın məsələdir.Lakin  məlumatların dəqiq və dolğun olması üçün rəsmi yerlərə istinad edilməlidir.

Dünya jurnalistlərinə gəlincə, sağ olsun qardaş Türkiyə, bizə mənəvi dəstək oldu, onların jurnalistləri də bizimlə birgə çalışır. Digər ölkələrin informasiya vasitələri var ki, onlar bura gələrək, əslində özlərini guya yaxşı kimi göstərirlər, lakin öz məqsədlərindən çıxış edirlər.

Onlardan xahişimiz odur ki, gördüklərini doğru olaraq dünyaya çatdırsınlar.

Biz görürük, Ermənistan tərəfdən hadisələri izləyən jurnalistlərin böyük əksəriyyəti silahlıdır. Belə olurmu? Jurnalistin silahı kamerasıdır. Əks halda, sən jurnalist deyil, döyüşçüsən”.


Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir