Modern.az

Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu...

Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu...

Qarabağ

24 Oktyabr 2020, 02:06

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 27-ci günü də başa çatıb. Oktyabrın 23-də də cəbhədə sakit keçməyib.

Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib. Bir sıra yaşayış məntəqələri düşməndən azad olunub.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 23-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

- Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

- Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

- Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.
Tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

- Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

- Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

- Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib. Nazirlik bu əməliyyatların videosunu yayıb.

- Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.
Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb.


- Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Bu əməliyyatın videosu yayılıb.


- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində tvit yazıb:
“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

- Prezident növbəti qələbə müjdəsi verib: “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.

- Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videosu yayılıb.


- Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat təkzib olunub.

- Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikalarının məhv edilməsinin videogörüntüləri yayılıb.


- Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat təkzib olunub.

 
- Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü