Modern.az

Əməkdar jurnalistdən ölkə başçısına açıq məktub

Əməkdar jurnalistdən ölkə başçısına açıq məktub

Media

20 Noyabr 2020, 13:13

- Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Milli müqəddəratımızın həll olunduğu bu 44 günlük müharibədə Siz dəmir iradəniz, güclü məntiqiniz və anında düzgün qərar vermək bacarığınızla həm də bir Müzəffər Ali Baş Komandan, məğlubedilməz Sərkərdə olduğunuzu sübut etdiniz. Bu parlaq Qələbə Sizin Böyük Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olduğunuzu bütün dünyaya nümayiş etdirdi.

Sizin birbaşa rəhbərliyinizlə həyata keçirilən Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatı dünya hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Dünyanın ən güclü ordularında xidmət edən yüksək rütbəli zabitlərin, hərbi ekspertlərin Azərbaycan əsgərinin uğurlu döyüş şücaətləri, hərbi arsenalımızda olan ən müasir texnologiyalardan düzgün istifadə etmək bacarıqları haqqında söylənilən fikirlər hamımızı qürurlandırdı.


Siz düşmənlərimizlə həm də informasiya cəbhəsində vuruşdunuz. Məkirli düşmən dünya ictimaiyyətini dayanmadan aldatmağa, öz cirkin yalanları ilə zəhərləməyə cəhd edirdi. Dünya mediyasına verdiyiniz müsahibələri, informasiya cəbhəsindəki uğurlarınızı hamımız izlədik. Sizin təmkininiz, dərin məntiqiniz  qərəzli, qeyri-peşəkar sualları belə səbrlə, soyuqqanlılıqla qarşılamağınız dünya mediyasının da iç üzünü bizə aydın şəkildə göstərdi. Bu günədək bizə peşəkar, bitərəf, qərəzsiz  jurnalistika dərsi keçənlər, müstəqil mediyadan dəm vuranlar öz ölkələrindəki erməni diasporlarının əllərində bir vasitəyə, oyuncağa çevrildiklərinin açıq-aydın hiss etdirdilər.


Bu müqəddəs Vətən müharibəsində Sizin Vətənimizə, torpağımıza canınızla, qanınızla bağlı olduğunuzu bir daha hiss etdik. Televiziya ekranlarından izlədiyimiz çıxışlarınızda Sizin Vətən torpağına uzanmış xain əllərə, günahsız mülki vətəndaşlarımıza edilən düşmən terroruna qarşı sonsuz qəzəb və nifrətinizin dəfələrlə şahidi olduq. Bax budur Sizi Xalqa sevdirən, cənab Prezident!


Mən hər gün çoxlu sayda insanlarla görüşürəm, tələbələrlə, gənclərlə müzakirələr aparıram. Çağdaş dünyamızda rəhbərlə Xalq arasında olan belə doğmalıq, birlik və fədakarlıq çox az sayda insanlara nəsib olub. Siz böyük bir Xalqı özünüzə əsgər etmisiniz, cənab Ali Baş Komandan!


Bu ağır imtahanda daim yanımızda olan qardaş Türkiyənin açıq mövqeyi bütün dünyanı heyrətləndirdi. Əlbəttə, Türkiyə bizə yaxın və uzaq tariximizin bütün zamanlarında daim dost mövqeyində dayanan bir ölkə olub. Sizin şəxsi keyfiyyətləriniz, dünya lideri Rəcəb Tayib Ərdoğanla səmimi münasibətləriniz bu dostluğu doğmalıq, qardaşlıq səviyyəsinə yüksəldə bildi. Bax budur İlham Əliyev siyasətinin, diplomatiyasının parlaq Qələbəsi!


Əlbəttə bu Qələbə, böyük mənada Xalqımızın, dövlətimizin, Müzəffər Ordumuzun  qələbəsidir. Ancaq tarix göstərir ki, bütün müharibələrin taleyi rəhbərlərin verdiyi həlledici qərarlardan daha çox asılıdır. Biz bu gün düşünmədən deyə bilərik ki, bu qələbə İlham Əliyevin dəmir iradəsinin, böyük diplomatiyasının, uğurlu siyasətinin qələbəsidir.


Yaxın günlər ərzində son 30 ilin böyük faciələrini yaşamış, əzilmiş, qüruru, mənliyi tapdalanmış yüzlərlə insanın Qələbə sevincini onlarla birgə yaşadım. Vətən həsrətli, ümüdsüz, ruhu incidilmiş bu insanların Qələbə müjdəsindən sonra yenidən canlanmalarının, dirilişlərinin hər dəfə şahidi oldum. Bu anda analarımızın bir gözəl duasını xatırlatmaq istəyirəm. Allah Sizdən razı olsun, cənab Prezident!

                                                                                                                       

Bayram Hüseynzadə,
Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...