Modern.az

“Qarabağın məşhur müəllimləri” - Səfərəli bəy Vəlibəyov

“Qarabağın məşhur müəllimləri” - Səfərəli bəy Vəlibəyov

23 Noyabr 2020, 11:54

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Səfərəli bəy Vəlibəyovdur.

 

Modern.az xəbər verir ki, o, 1861-ci ildə Şuşada anadan olub.

 

1881-ci ildə Qori Müəllimlər Seminariyasını bitirən Səfərəli bəy müəllim kimi burada fəaliyyətə başlayıb və 1896-cı ilə qədər seminariyada işləyib. O, Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib, onlarla istedadlı gənc yetişdirib. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyib, onları orta və ali məktəblərə daxil olmaq üçün hazırlayıb.

 

XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların Ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artır. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada Səfərəli bəy tərəfindən açılıb. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyub. Səfərəli bəy 1896-cı ildə Qoridən Bakıya köçüb. Burada iki il müəllimlik edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini ondan alıblar.

 

Səfərəli bəy müasirləri arasında təkcə yaxşı müəllim kimi tanınmamışdı. O, həm də görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi şöhrət qazanmışdı.

 

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır