Vətən müharibəsinin şəhidi Süleyman Qarayevin oğlu Həsən bu gün 1-ci sinfə qədəm qoyub. Atası şəhid olarkən Həsən 3 günlük körpə imiş.
Həsənin anası Şəlalə Qarayeva övladının ilk tədris iliylə bağlı öz təəssüratlarını Modern.az-la bölüşüb.
"Atası şəhid olanda Həsən cəmi 3 günlük körpə idi. Ona görə də Həsən böyüyərkən atası fiziki olaraq onun yanında olmadı. Amma onun arzuları, düşüncələri, övladları üçün qurduğu xəyallar həmişə bizimlə yaşadı".
Şəhid xanımı qeyd edib ki, həyat yoldaşının uşaqları ilə bağlı ən böyük arzusu onların hərtərəfli və savadlı insanlar kimi böyüməsi olub:
"Xüsusilə şahmata böyük önəm verirdi. Deyirdi ki, şahmat oynayan uşaq bütün fənləri daha yaxşı qavraya bilər. Mən də onun bu istəyini nəzərə alaraq uşaqları şahmata qoydum. Şükürlər olsun ki, hər ikisi yarışlarda 1-ci, 2-ci yerləri tutublar. Müəllimləri də uşaqlardan çox razıdırlar. Bu, mənim üçün həm böyük sevincdir, həm də onların atasının arzularının bir növ davamıdır".

Şəlalə xanımın sözlərinə görə, övladının adını şəhid Süleyman Qarayev özü seçib.
"Oğlumuzun adını həyat yoldaşım özü seçmişdi. Həsən özü də atasına çox oxşayır. Mən düşünürəm ki, Həsən atasını görməsə də, böyüdükcə atasının adını, arzularını və onun haqqında danışılan xatirələri daha yaxşı anlayacaq".
Şəlalə Qarayeva övladı ilə birlikdə sevinc hissləri yaşayır:
"Mən qürurlu və sevincliyəm. Amma bir tərəfdən də bilirəm ki, onun ürəyində atasının yeri başqadır və mən o boşluğu nə etsəm də, doldura bilmərəm".
Şəhid xanımı deyib ki, bu gün məktəbə getməzdən əvvəl uşaqlarla məzarlığa baş çəkib:
"Həsən məzarlığa gedənə qədər o qədər sevinirdi. Sanki atası onu məktəbli formasında görəcəkdi. Yol boyu deyirdi: “Çatan kimi atama salam verəcəm, sonra da onu öpəcəm". Mən başa düşürəm ki, məzar onun üçün bir növ atasına yaxınlıq yeridir".
Şəhid xanımı onu da qeyd edib ki, həyat yoldaşının ruhunun övladlarıyla fəxr etdiyinə inanır.
15 sentyabr tarixində 1-ci sinfə gedən uşaqlar arasında şəhid İsmayıl Səmədovun övladı da var.

Şəhid xanımı Bəsti Səmədova Modern.az-a deyib ki, İsmayıl Səmədov övladını 9 ay görə bilib:
"İsmayıl Mehdini çox az görüb. Şəhid olanda Mehdi hələ 9 aylıq idi və onunla bağlı xəyalları var idi. Mehdi hələ körpəlikdə hardansa tutub yeriməyə çalışanda İsmayıl deyirdi ki, "Mehdi gələcəyin idmançısı olacaq". Mən isə həmişə deyirdim "Mehdi pilot olacaq". İndi isə düşünürəm ki, ağıllı, sağlam böyüsün, istədiyi peşəni özü seçsin".
"İsmayıl müharibəyə getdiyi gün Mehdini qucağına alıb bir cümlə demişdi. "Ananla bacını sənə əmanət edirəm, yaxşı bax onlara".
İndi mən Mehdiylə danışanda ona deyirəm ki, atan bizi sənə əmanət edib. Sən ağıllı, savadlı, uğurlu olacaqsan, atanın əmanətlərinə sahib çıxacaqsan və onun ruhu səninlə fəxr edəcək", - deyə Bəsti xanım övladının ilk Bilik Günü ilə bağlı hisslərini bölüşərkən əlavə edib.
"15 sentyabr çox təsirli, həmçinin qürur dolu bir gün oldu. Mehdi ilə bərabər daha iki şəhidin övladları eyni məktəbə, 1-ci sinfə qədəm qoydu.
Düşünəndə ki, onlar atalarının üzlərini xatırlamırlar, sadəcə şəkillərdən görüblər, bu günün sevinc və həyəcanı ilə bərabər, çox təsirli hisslər də keçirdik. Uşaqların da üzlərində sanki bir nisgil var idi".
Lamiyə Cənnətzadə