Modern.az

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Təhsil

Bu gün, 13:49

“Tədrisi digər dillərdə aparılan siniflərdə Azərbaycan dilinin həftəlik dərs saatı artırılıb. Bu da həmin siniflərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəldəcək”.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, tədrisi digər dillərdə aparılan siniflər üçün buraxılış imtahanlarının məzmunu baxımından da dəyişikliklər nəzərdə tutulmalıdır: "Ali təhsil müəssisələrinə qəbul məsələsi də müzakirə olunan məsələlərdəndir. Çünki qəbul prosesi zamanı tədris digər dillərdə olan siniflərlə Azərbaycan bölməsi ayrı-ayrı şkalalar üzrə aparılır, bu da ayrı-ayrı keçid ballarının olmasına gətirib çıxarır. Azərbaycan dilinin vacib olduğu ixtisaslarda, xüsusilə "Tibb" və "Hüquq" kimi ixtisaslarda müsabiqənin eyni şkala üzrə aparılması vacibdir".

Nazir qeyd edib ki, tədrisi digər dillərdə aparılan sinfi bitirən şagirdin daha aşağı balla eyni ixtisası seçə bilməsi ədalətli deyil: "Həmkarlarımızla birlikdə bu məsələnin üzərində işləyirik. Yenə deyirəm, Azərbaycan vətəndaşları Azərbaycan dilində səlis, dürüst danışması Azərbaycan təhsilinin prioritetidir. Fərqi yoxdur ki, hansı dildə tədris alırlar, burada kompromisə yer yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland