Modern.az

1-ci kurs tələbələri təqaüd kartlarını ala bilmirlər - Universitetlərdə PROBLEM

1-ci kurs tələbələri təqaüd kartlarını ala bilmirlər - Universitetlərdə PROBLEM

Təhsil

21 Dekabr 2020, 15:13

Dünyanı öz cənginə alan koronavirus (COVID-19) pandemiyası təhsilə də öz əks-təsirini göstərməyə davam edir. Pandemiyanın sürətlə yayılması səbəbi ilə universitetlərdə təhsil əyani formadan distant formaya keçirilib. Distant təhsil sahəsində isə bəzi problemlər müşahidə olunur.

Bununla yanaşı, ali məktəb tələbələri daha bir problem yaşayırlar. Belə ki, bu il universitetə yeni qəbul olmuş tələbələrə təqaüdlərin verilməsi gecikir.

Bu nə ilə əlqədardı?

Modern.az-ın əməkdaşı mövzu barədə universitetlərlə əlaqə saxlayıb:


Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova:


“Bizim universitetdə yeni qəbul olmuş tələbələrə təqaüdlərin verilməsilə bağlı heç bir problem yoxdur. Tələbələr şəxsiyyət vəsiqələri ilə banka yaxınlaşıb təqaüdlərini nağd şəkildə ala bilərlər. Sadəcə, pandemiya dövrü olduğu üçün smart kartların verilməsi hələlik dayandırılıb”.

 

ADA Universitetinin əməkdaşı Şəbnəm Məhərrəmova:

 

“ADA-nın tələbələri akademik göstəricilərinə əsasən qiymətləndirirlər. Onlara təqaüdlərin verilməsində heç bir problem yoxdur.”

 

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli:

 

“Yeni qəbul olmuş tələbələr təqaüdlərin verilməsi barədə heç bir problem yoxdur. Lakin rayonlarda yaşayan tələbələrimiz var ki, onlar gəlib kartlarını götürə bilməyiblər”.

 

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Elman Babayev:

 

“Bizim universitetin tələbələrinin hamısı kartla təmin olunub, təqaüdlər də vaxtı-vaxtında ödənilir”.

 

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova:

 

“Sərt karantin rejimi olduğu üçün və bölgələrdə yaşayan tələbələrimizi nəzərə alaraq universitetimiz tərəfindən belə qərar verilib ki, şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşıb, hər ayın təqaüdünü ala bilərlər”.

 

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova:

 

“Birinci kurslara təqaüdlərin verilməsi ilə bağlı heç bir problem olmayıb. Hər ayın 25-nə qədər təqaüdlər ödənilir”.

 

Bakı Slavyan Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov:


"1-ci tədris ilində təhsil alan tələbələrin təqaüdləri köçürülüb. Amma, mövcud pandemiya səbəbindən plastik kartların verilməsi baş tutmayıb. Bu günlərdə kartlar tələbələrə təqdim olunacaq və tələbələr təqaüdlərini ala biləcəklər".

Azərbaycan Dövlət Pedaqoji Universiteti də hələ ki 1-ci kurs tələbələrinə nə tələbə bileti verə bilib, nə də plastik kart. Bu universitetin tələbələrinə təqaüdlərin verilməsi barədə də bir söz deyilməyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də eyni durumdur: 1-ci kurs tələbələri nə tələbə bileti ala biliblər, nə də bank kartı. Amma burada tələbələrə deyilib ki, şəxsiyyət vəsiqəsilə banka yaxınlaşıb təqaüdlərini ala bilərlər.

Qeyd edək ki, tələbə təqaüdləri əsasən KapitalBank vasitəsilə verilir.

 

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir