Modern.az

“ASAN Radio”nun baş redaktoru: “Kiçik məkanda yaxşı məzmun yaratdıq” - MÜSAHİBƏ

“ASAN Radio”nun baş redaktoru: “Kiçik məkanda yaxşı məzmun yaratdıq” - MÜSAHİBƏ

24 Dekabr 2020, 10:40

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu gün “ASAN Radio”nun fəaliyyətinin 5 ili tamam olur.


“ASAN Radio”nun baş redaktoru İlkin Kərimov Modern.az-la həmsöhbət olub.


- İlkin bəy, 5 yaşınız münasibətilə sizi təbrik edirik. Bizə “ASAN Radio”nun keçdiyi illərdən danışmanızı istərdik.

- “ASAN Radio” 5 il əvvəl, 24 dekabr 2015-ci ildə ilk dəfə yayıma çıxıb. “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. Biz Prezidentin təşəbbüsü olan, Azərbaycanın dünya brendi “ASAN xidmət”in tərkibində fəaliyyət göstəririk. İlk gündən dövlət xidmətləri sahəsində ixtisaslaşan yeganə radio kimi  maarifləndirmə missiyamıza bu gün də sadiqiq. FM-in bizim üçün açılışı Faydalı Məlumat dalğasıdır. Bu mənada illər əvvəl kiçik guşədə yayıma başlasaq da, səsimizi daha geniş dinləyici auditoriyasına çatdıra, faydalı ola bildik. Əsas kontentdir. Sənə radioyayım üçün balaca qutu, köşk də kifayət edə bilər. Əsas olan kiçik məkanda yaxşı məzmun yaratmaqdır. Gözəl işlər görə bilməkdir. Radio ən operativ media vasitəsidir. Mikrafon açılır və dinləyici səni eşidir. Bu qədər asan. Dəqiqlik, peşəkarlıq təbii ki, qaydasında olmalıdır. Radiomuz “ASAN xəbər”, “100 FM-də 100 saniyə xəbər”, “Xüsusi buraxılış”ları ilə ən son xəbərləri operativ çatdırır.


- 5 il öncəni necə xatırlayırsınız?

- İlk günlərdə yalnız Bakı və ətraf ərazilərə 100 FM-də yayımlandıq. 5 il keçir və bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda , ümumilikdə Azərbaycanın  90%-ə yaxın ərazisində  “ASAN Radio” yayımlanır. “ASAN Radio” Bakıda, bölgələrdə və artıq işğaldan azad olunan ərazilərimizdə  100, 96.5, 95.6 və 92.7 FM-də yayımlanır. www.asanradio.az saytı daim yenilənir. 100 FM rəsmi “facebook” səhifəsində izləyici sayı 100 000-ə yaxınlaşan yeganə radiodur. İllər əvvəl kiçik guşədə yayıma başlasaq da, səsimizi daha geniş dinləyici auditoriyasına çatdıra bildik.


- Bu qədər auditoriyaya sahib olmağınızın səbəbi nədir?

-Yerli və beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırırıq. “ASAN Radio” əhalinin maarifləndirilməsi və vətəndaşların suallarının birbaşa cavablandırılması məqsədi ilə “Qarabağnamə”,  “QəbuldASAN”,  “OyanASAN”, “Mənəvi Dəyərlər”, “DOST Məsləhəti”, “Sahibkarı Tanı”, “Rəqəmsal Azərbaycan”, “Sığortalı Həyat”,  “ASAN Cavab”  kimi verilişlərlə yanaşı, 100 FM dalğasında ADA Universitetinin bələdçiliyi və Avropa İttifaqı nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “AvropadASAN”, ABŞ səfirliyi ilə əməkdaşlıq çərçivəsində “Hello, Amerika”, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə “BMT-75”, Türkiyə-Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində “Radio körpü”, Britaniya şurası ilə birgə təqdim olunan “Selector” və “Obla Air”   layihələri yayımlanıb.


- Auditoriyanızdan, dinləyicilərinizdən razısınızmı?

- “ASAN Radio” sosial audio-video  çarxlar hazırlayır, həssas qrupları diqqətdə saxlayır.  Hazırda pandemiya səbəbindən  xüsusi rejimdə fəaliyyət göstərir. Əməkdaşlarımızın bir qismi işdən, digərləri evdən çalışır. Təması azaltmaq üçün qonaqları studiyaya çağırmırıq. Müsahibələri telefonla alır, verilişləri xüsusi proqramlarla təqdim edirik. Tədbirlərdə radio olaraq iştirak edirik. Canlı bağlantılar qururuq.

“ASAN Radio”  rəsmilərlə vətəndaşlar arasında birbaşa təmas yaradır. Prezidentin köməkçiləri, nazirlər, agentlik , komitə sədrləri canlı yayımda vətəndaş suallarını cavablandırır.

“ASAN Radio” zövqlü musiqi səsləndirir. Gələcək jurnalistlər, tələbə və könüllülər radioda təcrübə keçir.


- İlkin bəy, bundan sonra radio sahəsində planlarınız nədir?

- “ASAN Radio” Qarabağda, Şuşamızda səslənən ilk radiodur. 44 günlük informasiya müharibəsinin iştirakçısıdır.  Cəbhə bölgəsinə səfər edən, işğaldan azad olunan torpaqlardan xəbər verən ilk radiodur.

Yeni ildən fərqli formatda dinləyicilərimizə faydalı məzmunlu proqramlar təqdim edəcəyik. Planlar çoxdur. Kiçik kollektivlə böyük işlər görmək əzmindəyik.

Sonda icazə verin, sizin sayt vasitəsilə həmkarlarımı təbrik edim. 5 ildir ki, yayımdayıq. Onlara uğurlar arzulayım. Biz birlikdə çətinlikləri arxada qoyuruq. Bir vaxt arzu etdiyimiz xəbəri efirdən çatdırmağın xoşbəxtliyini yaşayırıq. Xoş xəbərlər eşidilmək diləyilə… Təşəkkürlər Modern.az!

 

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!