Modern.az

Şəhidimizin atasına vəsiyyəti: "İnşallah, anamı da götürüb gələrsən bu torpaqlara..."  

Şəhidimizin atasına vəsiyyəti: 

Qarabağ

10 Yanvar 2021, 12:24

Lənkəranın ucqar dağ kəndi olan Gəgirandan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanan 48 gəncdən 8-i şəhid olub. Qırx dörd gün davam edən haqq savaşımızda son nəfəsinədək döyüşən şəhid igidlərimizdən biri də Nuruzadə Qalib Habil oğludur.

 

Modern.az xəbər verir ki, 1986-cı il iyunun 10-da Gəgiran kəndində dünyaya göz açan Qalib, həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Tərtərdə keçib. Ötən il sentyabrın 21-dən ordu sıralarına çağırılıb. Haqq savaşımız başlayan ilk gündən Füzuli, Zəngilan və Şuşa istiqamətlərində ən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşub.

 

Şəhidin atası Habil Nuriyev bildirib ki, oğlu hər dəfə onunla danışanda Qarabağı qarış-qarış azad etdiklərini bildirirdi: “Hər dəfə danışanda deyirdi ki, inşallah anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib buraları görməlisən”.

 

Daşaltı kəndi uğrunda gedən döyüşlərdə Qalibin əmisi oğlu və silahdaşları ilə rastlaşdığını söyləyən şəhidin dayısı Kazım Kazımov deyib ki, o, əmisi oğluna ailəli olduğu üçün ona irəli getməməyi məsləhət görüb. Özü isə qabağa gedərək, qəhrəmancasına şəhid olub.

 

“Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində ordumuz 44 gün ərzində qələbə qazandı. İnsanlar hər gün Prezidentimizin “twitter” səhifəsini izləyirdi. Onun hər kəlməsi bizi qürurlandırırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, - deyə şəhidin dayısı bildirib.

 

Ali Baş Komandanın Sərəncamı ilə Qalib Nuriyev ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

Qarabağ torpaqlarının işğaldan azad olunmasında Nuriyevlər ailəsinin payının olması onları çox qürurlandırır. İndi ailənin yeganə arzusu Qalibin vəsiyyətini yerinə yetirib, işğaldan azad olunmuş torpaqlara birlikdə gedib, oğlunun ruhunu şad etməkdir. (AZƏRTAC)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi