Modern.az

Vətəni yaşadanlar: Şəhid Fərid Əliyevin qısa ÖMÜR YOLU

Vətəni yaşadanlar: Şəhid Fərid Əliyevin qısa ÖMÜR YOLU

Qarabağ

11 Yanvar 2021, 11:37

Azərbaycanı işğalçılardan təmizləyərək, öz qanları ilə tarixin şanlı səhifələrini yazmış və şirin canlarınə Vətən yolunda fəda etmiş şəhidlərimizi unutmaq olmaz.


Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına şəhidlərdən yazmağa davam edir.

Əbədiyaşar qəhrəmanlar arasından bu gün ömür yolunu təqdim edəcəyimiz şəhidimiz Fərid Pirəli oğlu Əliyevdir.


Fərid Əliyev 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olub. 132 saylı orta məktəbdə təhsil alan Fərid, məktəbi bitirdikdən sonra 17 sayılı Bakı peşə liseyində oxuyub. Liseyi başa vurduqdan sonra 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. 2014-cü ildə hərbi xidmətdən qayıdaraq, mülki həyatını qurmaq üçün çalışır.


Şəhid haqqında daha ətraflı həyat yoldaşı Elnarə xanım danışıb.

Şəhidin xanımı sözə başlayanda ilk cümləsi “Mən Fəridlə fəxr edirəm” oldu. Bəli, hər bir şəhid qadını kimi Elnarə xanım da həyat yoldaşının ən uca məqama- Şəhidlik zirvəsinə yüksəldiyi üçün onunla fəxr edir.

“2018-ci ildə onunla ailə həyatı qurduq. Fəridin mənə, bizə, ailəmizə olan münasibəti, dayğısı barədə danışsam, günlər yetməz. Fərid ailəcanlı, qayğıkeş, dürüst, sadiq biri idi. Fəridin yas mərasiminə gələnlərin hamısı onun yaxşılıqlarından danışırdı. Yoldaşım vətənə, torpağa çox bağlı idi. Hər zaman canını da qurban verməyə hazır olduğunu deyirdi”.



Şəhidə oğlunun necə addımladığını və qızını görmək qismət olmadı...

“Sentyabrın 28-si Fəridə çağırış gəldi və 29-u cəbhəyə yollandı. Noyabrın 5-ə kimi hər gün bizimlə əlaqə saxlayırdı. Hər danışığımızda geri qayıdacağını, hər şeyin gözəl olacağını deyirdi. Oğlumuz atası cəbhəyə gedəndə hələ yerimirdi. Fərid hər dəfə danışanda oğlumuzun necə yeridiyini, necə addımladığını görmək istədiyini deyirdi. Şəhid olacağı nə onun, nə də mənim ağlımıza gəlirdi.

Fərid qız övladına çox bağlı idi, hər dəfə qız uşağı görəndə “mənim də qızım olacaq” deyirdi. İstərdim ki, ən azı Muradın necə yeridiyini və qızımızı görərdi”.

Son zamanlar danışanda atasını, anasını mənə əmanət etdiyini dedi. Amma yenə ona nəsə olacağı ağlıma gəlmirdi. Ona ehtiyatlı ol, hələ anadan olmamış qızını düşün, sənin övladın var deyirdim, o da “hamının övladı var” söyləyirdi”.


“Belə olacağını heç gözləmirdim...”

“Sentyabrın 29-u cəbhəyə onu mən yola saldım, amma, vidalaşmadıq, son sözü heç nə olmadı. Çünki geri gələcəyindən əmin idim.

Həyat yoldaşım rabitəçi idi. Fəridin olduğu maşında onunla birgə dörd nəfər-polkovnik, zabit, rabitəçi və əsgər əyləşibmiş, silah aparırlarmış. Noyabrın 5-i Şuşa uğrunda gedən döyüşlərdə həmin maşın ermənilər tərəfindən vurulub. Bunun nəticəsində yoldaşımla bərabər maşının içərisindəki digər yoldaşlarrı da şəhid olub.

Fərid şəhid olanda hamilə olduğum üçün öncə bunu mənə deməmişdilər. Yalnız noyabrın 15-i onun şəhid xəbərini aldım, 16-sı nəşi evimizə təhvil verildi. Onu itirəcəyimi heç zaman düşünmürdüm”.


“Övladları üçün hər şeyin ən yaxşısını istəyirdi”

“Murad adlı bir oğul övladımız vardı. Vətən müharibəsi başlayan ərəfələrdə qız övladı gözləyirdik. Fərid şəhid olduqdan sonra bir qızımız dünyaya gəldi. Onun adını yaşatmaq üçün qızımın adını Fəridə qoyduq”.


“Fəridin yoxluğu çox ağırdı...”

“Şəhid qadını olaraq onu demək istəyirəm ki, həm qürur duyuram, həm də onun yoxluğuna pis oluram. Şəhid ailələrini görəndə bu dərdə necə dözdüklərini düşünürdüm, amma bilməzdim ki, mən bu dərd qarşısında dik duracam.

Mən onunla hər zaman fəxr etmişəm, indi bu fəxrim iki qat artıb”.


Qeyd edək ki, Fərid Əliyev Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

Şuşanın  azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.


Yerin behişt olsun, qəhrəman şəhid!


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır