Arxiv
18 Yanvar 2021, 18:14 | REPORTAJ
Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - II HİSSƏ

Əvvəli burada

Modern.az saytı 44 günlük Vətən Müharibəsində zabit kimi iştirak etmiş ehtiyatda olan baş leytenant Qulu Məmmədlinin savaş gündəliyinin II hissəsini təqdim edir:


***


Füzuli 5 oktyabr

Saat 03:00

Hava zülmət qaranlıqdır. Yağış sürətlə yağmaqda davam edir. Əsən külək dizdən yuxarıya qədər uzanmış, sap-sarı rəngə boyanmış çayır otlarına sanki sığal çəkir.

Bizim mövqelərə arxa tərəfdən 50-yə yaxın avtomobil yaxınlaşır. Çox keçmir şəxsi heyətimiz yüksək hərbi-nizam intizam göstərisi ilə düşmən mövqelərinə tərəf istiqamət alır. Səhərüzü isə əsgərlər geri qayıdırlar. Bizdən 200 m irəlidə düşmən 2-3 avtomobili atıb qaçıb. Laçına qədər hər yerdə tökülə-tökülə gediblər. Hər 50-100 metrdə bir texnika ya vurulub ya tam saz vəziyyətində ortalıqda qalıb.

Yağış suları altında səhəri zorla açırıq. Hər kəs suyun içindədir. Komanda gəlir: "Bütün bölmələr toplanma məntəqəsinə!".

Böyük qələbəlik var. Çoxlu sayda əsgər, zabit toplanıb. Bizə sadəcə alt geyim forması paylayırlar.

Hamı yorğundur. Səhərə qədər yatmamışam, istədiyim tək şey isti yerdə, quru paltarda müəyyən müddət yatmaqdır. Hardasan ay, evdəki yatağım…

Zirehli avtomobillərdə hərbi birləşmənin yüksək rütbəli zabitləri gəlir. 5-10 dəqiqəlik müşavirə keçirirlər. Hərbi hissə komandiri əmr edir: "5-ci tabor düzülsün!".

Hər kəs silahı-sursatını, əşya çantasını götürüb, hazır vəziyyətdə gözləyir. Yeni geyindiyim paltarların islandığını, bədənimə ilıq suyun dəydiyini hiss edirəm. Yemək yeməyə vaxt yoxdur. Yenidən uzun kolon şəklində irəliləyirik. Cəbrayıl istiqamətinə gedən asfalt yolla bir az getdikdən sonra sağa axşam dayandığımız mövqeylərin qarşı tərəfinə - dağa dırmanırıq. Ermənilər qaçıblar. Mövqelərdə hər şeyi atıblar. Paltarlar, əşya çantaları, yeyəcək -  müxtəlif qidalar sağa-sola səpələnib. Bir neçə mobil telefon da ətrafda gözə dəyir. Soyuq adamı "kəsir". Bir sutkaya yaxındır ki, yuxusuz, qida qəbul etmədən qalmaq səhhətimdə nələrinsə düz getmədiyinə işarə edir.

Hər kəs mövqelərdə möhkəmlənir. Amma tam sakitlikdir. Düşmən gözə dəymir. Qarşı tərəfdən Füzuli şəhəri istiqamətində mərmi səsləri eşidilir. Təxminən bir saat sonra əmr gəlir. Asfaltla bir “kalonda” irəliləməkdəyik. Yeridikcə bədən istilənir, soyuq öz təsirini itirir. Yağış ara vermir. Zümzümə edirəm: "Burda hava pis keçir, ara vermir yağışlar".

Adını burada çəkə bilmədiyim bir nəfəri xatırlayıram..

“Kalon”un başında birləşmə komandirinin müavini gedir. Ondan 5-6 əsgər sonra mən irəliləyirəm. Kürəyimdəki adi halda 15 kq olan əşya çantamın çəkisi yağış yağması nəticəsində ağır yükə çevrilib. Uzun, dolu bədənli, əynində yağışdan qorunmaq üçün geyindiyi su buraxmayan paltarına baxıb paxıllıq etdiyim adam birdən anidən geriyə dönüb "burada zabit kimdir",- deyə yüksək səslə sual edir.

Müharibə şəraitində çox zabit rütbələri çıxır deyə, kimin əsgər, kimin zabit olduğunu bilmək çətinləşir. Səfərbərliklə gələn əsgərlərin bir çoxu mənlə həmyaşıddır.

Sağa-sola baxdım, kimsədən səs çıxmadı. “Mən” deyə cavab verdim. Əvvəlki xidmətimdə tağım komandiri olsam da, bu dəfə müharibəyə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini (“zampalit”) kimi çağırılmışdım. Qaynar baxışlarla gözlərimin içinə baxan birləşmə komandirinin müavini usuz-bucaqsız “kolon”a əmr verdi: "Dur!". "Dörd əsgər də gəlsin!". Üzünü mənə tutub əmr etdi: "Soldakı dağı görürsən? Bu əsgərlərlə qalxın orada mövqe tutun, “kolon” keçsin, sonra gəlib yenidən bizə qoşulun, oradan təhlükə ola bilər, Allah qorusun".


Sola tərəf baxıram. Təxminən 200 metr aralı 200-300 metrlik təpədir, ətəyində lüləsi və üzərindəki pulemiyotun ucu bizim istiqamətdə tuşlanmış şəkildə düşmən tankı dayanıb. Qumbaratan əsgər Aslanov (qazi) və digər 3 əsgərlə bir “kalon”da həmin istiqamətə irəliləyirik. Ayağımı hər yerə basdığımda nə isə bir sürpriz olacağına ehtiyatlanıram.Sonra bu şəkildə ehtiyatla atılan addımlar mətin addımlara dönür. Getdikcə hər şey adiləşir. Həyatda olduğu kimi.

Nə gizlədim birinci tapşırıq olduğundan çox həyəcanlanlıyam. Qorxu hissi hamıda var, baxır kim nə qədər öhdəsindən gələ bilir. Zabit olduğun üçün qorxsan belə biruzə verməməlisən, verdinsə, tək özün yox, bütün tabeçiliyində olanlar üçün təhlükə yaradırsan. Həm də ədalət naminə silah götürən adamlar qorxudan o qədər əziyyət çəkmirlər. Getdikçə qorxaqlıq hissi də yorulur. Tək qorxu səndən geriyə qalacaq insanların bir ömür çəkəcəyi acıdır, başqa heç nə. Bir mərmi, 3 saniyə ağrı və sən ən uca zirvədəsən. Ağır yaralanmağı isə heç istəmirdim. (Tanrı qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin) Tək istəyim ya bir an içində ölüm ya nə isə olmaması idi.

Tankın yaxınlığına gəlib çatdıq. Hər an tankdan atəş açılacağını gözləyirəm. Lap yaxınlığına çatırıq. Heç kim gözə dəymir. Tanka bir zərrə ziyan dəyməyib, sadəcə yaxınlığına bir artilleriya mərmisi düşüb. Düşmən saz vəziyyətdə olan tankı qoyub qaçıb.

Ehtiyatla tankın yanından keçib təpənin zirvəsinə qalxırıq. Bir-birimizdən 3-5 m aralı mövqe alıb sürünə-sürünə tam zirvəyə qalxırıq. Qarşı tərəfə, sol tərəfə boylanırıq, bir şeyin gözə çarpamdığını görüb, müşahidəyə davam edirik. “Kalon” yavaş-yavaş irəliyə doğru axıb getməkdədir. Təxminən bir saat sonra gəldiyimiz cığırla geriyə qayıdıb, “kalon”un arxasınca hərəkət etməyə başlayırıq. Asfalt yolu düşmən artilleriya ilə vurduğundan təpəliklə, eniş-yoxuşlu cığırlarla hərəkəti davam etdiririk.

Artilleriya, əsasən də 120 mm-lik minamyot atışları nəticəsində dağların yamacları üzərində qara naxışları olan sarı don kimi bəzənib. Arada düşünürdüm bu qədər minamyot mərmisini haradan tapır bu köpəyyuşağı!? Səsi isə adamın bütün əsəb sistemini tarıma çəkir. Atılan anda "dub, dup" , 7-8 saniyə sonra vıyıltı səsi, ona oxşar digər səslər hələ də diksindirir adamı.

“Kalon” sağ istiqamətə yön alıb, adsız bir dağın yamacında mövqelərdə əyləşməkdədi. Tapşırığa getdiyim əsgərlərlə yeni çatırıq ki, artilleriya atışları başlayır. Hər kəs asfaltla dağın arsındakı qurşağa qədər qazılmış xəndəyə toplanır. Çəkməyə saqqız kimi yapışan palçıq addım atmağa əngəl törədir. Sağ "batinka"mın daban hissəsi dabanımı yara edib. Öz yorğunlunu, hara qədər dözə bilmə həddini, özünə əziyyət verməyi sevən, yoxlamağa meyilli adam indi çox yorulub.

Xəndəkdə əyləşirəm. Səma qara buludlarla örtülüb. Arxaya söykənib əşya çantamı çıxarıram, dünəndən bir şey yeməmişəm. Kimsə quru peçenye və "moloko" pastası təklif edir. "Komandir, nuş edin". İki-üç peçenyeyə "moloko" əlavə edib, tərli paltarlarımı sağa-sola çəkərək, yorğun halda yeməkdəyəm.

Daxilimdə bir səs mənimlə müzakirəyə qalxır: hə, asan olmayacağını bilirdin, müharibə necə olmalıdır ki!? Özünü hər addımda sınamağa, riskə atmağa hazır oğlan, nə oldu? Belə tez? Başqa bir səs isə ona gülümsünürmüş kimi “sonuna qədər” deyib, "müzakirəyə" son qoyur…

Artilerriya atışları intensivləşir. Artıq 300-500 metirliyə gəlir lənətlik düşmən mərmiləri.

Bölük komandiri, baş leytenant Mehdiyev: "Bölük qalx, irəli!" komandasını verir. Gecə deyəsən, o, da yatmayıb çox yorğundur. Bir tərəfdən də yağış, soyuq hava ilk addımda soyuq duş effekti yaradıb çoxumuza.


Yenidən asfalt yola çıxırıq. Avtomobillər gəlmədiyindən bütün sürsatı, əlavə ləvazimatları əsgərlər özləri daşıyırlar. Çətindir, amma daşıyırlar. Mən ilk dəfə Azərbaycan əsgərinin "Rembo”dan, "Şvarstnegger”dən daha güclü, daha mətin olduğuna birbaşa şahidlik edirdim. Bu mübaliğəsiz belədir!

Sağda-solda erməni hərbi texnikaları vurulmuş şəkildə tüstüləyir. Az əvvəl "Bayraktar" yapıb yapacağını…

Artıq yüngül atıcı silahların səsi gəlir. Bir neçə "Kamaz" bizə yaxınlaşır. Əşya çantamı "Kamaz"a verirəm. Elə axırıncə dəfə görürəm çantamı, hələ ikisi ilə də qarşıda vidalaşacam…

Yol düz istiqmətdə Füzuli şəhərinə, sola Cəbrayıl rayonunun mərkəzinə doğru gedir.


"Kalon, dərəyə ensin!" deyə komanda verilir. Silahı doldururam. İlk dəfə döyüşə girəcəyik. Arabir minamyot mərmilərinin, PK, avtomatın atəş səsləri gəlir. Düşmən pərakəndə halda sağa-sola güllə səpə-səpə qaçır. Niyə də qaçmasın: 2-3 minlik bir hərbi “kalon” irəliləyir üstünə…

Dərəboyu irəliləyirik. Arabir mövqe alıb dayanırıq. Qısa atışmalar olur. Yenidən asfalt yola çıxırıq. Böyük yol göstərən plakat asılıb. "Martuni, Hadrut" yazısının qarşısındayıq. Biz sol istiqamətə, Azərbaycanı bir-birindən ayıran Araz çayı istiqamətinə yön alırıq. Bizi Cəbrayıl rayonu gözləyir.


Orta məktəbdə ən sevdiyim müəllimlərdən biri rəhmətlik Valeh müəllim yadıma düşür. Onun doğma vətənindəyik. Cəbrayıldan məcburi köçkün idi. Həmişə Cəbrayıldan kədərli-kədərli, həsrətlə danışardı söz düşəndə. Çox zaman ədəbiyyat dərsində bədii əsərləri özü oxumağı sevərdi. Kitab oxuma sevgimin, ədəbiyyata yaxın olma meylimin ustadı, müəllimim. Allah sənə rəhmət eləsin!

“Kalon” piyada Cəbrayılın mərkəzinə doğru irəliləməyə davam edir. Səhərdən başlanan yolçuluq fasiləsiz davam etməkdədir. Artıq neçə on kilometr piyada yol gəldiyimizi kəsdirə bilmirəm. Eniş-yox, palçıqlı yol, yağış, tərli bıdən adamı tamam əldən salır. Amma adamı ayaqda tutan bir hiss də var: Vətən torpaqlarını işğaldan azad edilməsi prosesində ilk və şəxsən iştirak etmək. Bu anın duyğusuna bərabər duyğu yoxdur həyatda. Vətən sevgisi bütün sevgilərdən ötə imiş fikrinə bir daha dərinliyi ilə hakim oluram.

O hissi sözlə ifadə etmək mümkünsüzdür. Yaşanmadan dərk edilməz.

Sadə telefon götürmüşəm özümlə. Səssiz rejimə qoyub, atmışam gödəkçəmin döş cibimə. Heç kimin telefon nömrəsini yazmamışam ad siyahısına. Gələn saysız-hesabsız zənglərin kimə məxsus olmasını da bilmirəm. Kim ki mesaj yazırdı, o zaman bilirdim kimdir. Buna görə hələ o qədər inciyən olubmuş ki. Belə də olurmuş, nə yapsaq.. Bir dənə əmioğlum İnşalla müəllimlə tez-tez danışıram, tez deyəndə gündə bir dəfə, bəzən 4-5 gün danışmaq olmur. Ya şəbəkə olmur ya batereykanı doldurmaq mümkünsüzdür. Sonra onun da əlacını tapdıq. Əsgər Yusfli Rəşad akkumliyatorlardan istifadə texnologiyasını kəşf etdikdən sonra işimiz yüngüllədi. . Sağ olsun!


O müddətdə də anamın, atamın, bacılarımın, yaxınlarımın nə hiss keçirdiklərini müharibədən sonra özümə gəldikçə, daha aydın hiss etməkdəyəm.

Müharibə olmasa daha yaxşıdır qənaəyətindəyəm artıq. Amma yeri, vaxtı, başqa yolu qalmayıbsa, mərhələsinə gəldiysə, mətin, qorxmaz, canından keçməyə hazır şəkildə əlinə silah almaq müqəddəs əməl olur. Şəhid qardaşlarının intiqam hissi yandırıb-tökür adamı. Yanında olan, olmayan qazilərin mərmi, güllə zərbəsi nəticəsində aldığı yara, inilti, bağırtı səsləri çəkilmir qulaqlarından. Yəqin bütün bu hisslər vicdan adamı tətikləyəndə olur. O yoxdursa, bəhanələr "xilas edir” vicdandan gen düşənləri..


Minlərlə məcburi köçkünün intizarına son qoymaq, onların öz doğma torpaqlarına dönməsinə səbəbkar olmaq hissi çox gözəl duyğudur.

Hər an arzu edirəm, qismət olsa, öz doğma yurduna illər sonra qayıdan insanların o an keçirdikləri o məşum hisslərə bilavasitə şahidlik edəcəyəm. Bu əvəzssiz bir duyğudur. Tələbə yoldaşım Müşfiq Ağdamdan məcburi köçkündür, arabir danışırıq, ona da bu haqda demişəm. Hər dəfəsində kövrəlir. Yəqin bu hissi də yaşamaq mənə nəsib olacaq: onunla bir yerdə ilk dəfə Ağdama gedə biləcəyik.


Yolboyu yanan tanklar, hərbi texnikalar, düşmənin xüsusi təyinantlılarına məxsus kiçik həcimli "Mercedes”  mikroavtobusları sağda-solda tökülüb qalıb. Bəzisi isə tam saz vəziyyətdədir. Aydın hiss edilir ki, elə indicə qaçıb aradan çıxıblar. Tək-tək qalmış meyitlərini götürməyə belə macal tapmayıblar.

Axır ki, avtomobillər gəlir, əyləşib gedirik. Uzun, “incə”, barıt qoxulu bir yoldayıq…
 

Cəbrayılın mərkəzinə 3-5 km qalır. Bizim tabor bir dərəyə yerləşdirilir. Tabor komandiri: "Hazır olun, avtomobillər gəlir!",- deyə əmr edir. Hamı yorğundur. Keçdiyimiz yol yorub hər kəsi. Ərazidə çox sayda erməni ərzaqları, kitablar, platarlar, silah-sursatları pərakəndə şəkildə tökülüb qalıb. Ərzaqların bir çoxu İran istehsalıdır.


“Kamaz” avtomobilləri gəlir, əyləşib az gedirik ki, artilleriya atışları başlayır. Minamyotun mərmisinin biri avtomobilin bort hissəsinə çəkilmiş palatkanı deşib, əsgərimizin çiyninin yaxınlığından keçir. Tez avtomobillər dayanır. Soldakı dərəyə toplanırıq pərakəndə halda. Artilleriya atışları zamanı adətən belə edilir ki, mərmi daha az insan tələfatına səbəb olsun. Atılan mərmilər bizdən 150-200 m aralıdakı dərənin bizim istiqamətində yuxarı hissəsinə düşüb, qara tüstü çıxarır. Kiminsə ayağına yüngül mərmi dəyib. Sanitardan bint alıb bağlayıram. Çox yorulmuşam, beynim sanki işləmir. Yuxusuzluq, aclıq, soyuq, piyada yol, stress əməllicə yorub məni..

Yaramaz düşmən dayanmadan artilleriya atışları ilə bizi qarşılayır Cəbrayılın mərkəzinə yaxın yerdən.

Əsgərlərə ürək-dirək verib, gülməyə, əhval-ruhiyyəni müsbətə dəyişməyə çalışıram. Bilmirəm mənə elə gəlirdi yoxsa necə, onlar da məni çox istəyirdilər…

Daha sonrakı günlərdə taborun bütün şəxsi heyəti demək olar ki, çoxusu "komutan, sən ağıllı adamsan, bu işlərin axırı necə olacaq" deyə sual yağışına tuturdur məni, düşmən minamyotu kimi…

“Hər şey yaxşı olacaq, qısa zamanda Şuşada olacağıq” deyə cavab verərdim çox zaman. Uzağı ayın filan gününə kimi biz qələbə çalacağıq,- deyib inam yaratmağa çalışırdım hər kəsdə. Amma ğzüm isə daxilimdə bir az fərqli düşünürdüm

Qarşıda bizi ağır gecə gözləyirdi...


Ardı var...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhlükəsizlik Şurası Sarkisyana SƏSLƏNDİ 1 mart 2021, 13:53 Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ 1 mart 2021, 13:41 “Suraxanı” gəmi-muzeyinin açılışı oldu - FOTOLAR 1 mart 2021, 13:24 Prezident və birinci xanım Bakı gəmiqayırma zavodundakı mərasimlərdə... 1 mart 2021, 13:20 Prezident yeni inzibati binanın açılışını etdi 1 mart 2021, 13:17 Xarici jurnalistlərin Azərbaycanla bağlı təəssüratları - VİDEO 1 mart 2021, 13:14 Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi 1 mart 2021, 13:12 Etirazçılar Yerevanda hökumət binasına daxil oldu 1 mart 2021, 13:11 Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat 1 mart 2021, 13:07 Paşinyan barədə dövlətə xəyanət maddəsi ilə ARAŞDIRMA BAŞLADI 1 mart 2021, 13:04 Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı 1 mart 2021, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 1 mart 2021, 12:58 Dünya mediasını heyran qoyan Lider 1 mart 2021, 12:54 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ 1 mart 2021, 12:50 İran səfirliyi məlumat yaydı 1 mart 2021, 12:46 Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR 1 mart 2021, 12:42 Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu 1 mart 2021, 12:36 DİM bir nəfər üçün imtahan keçirib 1 mart 2021, 12:30 Şamaxı Rəsədxanası işçi axtarır 1 mart 2021, 12:24 AzEdu Təhsil Portalının 3 yaşı oldu 1 mart 2021, 12:18 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı 1 mart 2021, 12:12 Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI 1 mart 2021, 12:06 Brokonyerlər maralı boğaraq öldürdülər - VİDEO 1 mart 2021, 12:00 Azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi 1 mart 2021, 11:57 Qazilərimiz dövlət qayğısı əhatəsindədir! 1 mart 2021, 11:53 Qarlı günlərdən sonra Nərimanovda təmizlik işləri davam etdirilir 1 mart 2021, 11:50 Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR 1 mart 2021, 11:48 Narkotikə görə tutulan şəxsin evindən silah da tapıldı - VİDEO 1 mart 2021, 11:44 Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq - DEPUTAT 1 mart 2021, 11:41 Talış kəndinə getmək istəyən Tərtər sakinləri SAXLANILDI 1 mart 2021, 11:37 Azərbaycanda dəhşətli qətl - bacı qardaşını bıçaqladı 1 mart 2021, 11:33 Baş infeksionist əhaliyə müraciət etdi 1 mart 2021, 11:29 AZƏRTAC-ın 101 yaşı tamam olur 1 mart 2021, 11:24 1 nəfər virusa yoluxdu, 1,5 milyon insan karantinə alındı 1 mart 2021, 11:21 Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat TAPILDI 1 mart 2021, 11:17