1979-cu il İslam İnqilabından əvvəlki İranı təsəvvür etmək bu gün həmin ölkəni tanıyanlar üçün olduqca çətindir. Xüsusilə 1960-70-ci illərdə Tehran küçələrindən çəkilmiş fotolara baxanda tamam başqa bir İran görünür.
Modern.az-ın məlumatına görə, həmin illərdə ölkə sürətlə modernləşir, paytaxt isə Qərb mədəniyyətinin, dəbinin və şəhər həyatının təsirini açıq şəkildə hiss edirdi.
Qadınların geyimində bunun izləri daha aydın görünürdü. Küçələrdə ətək, don, pencək, şalvar, qısaqol köynək və müxtəlif müasir geyimlərdə gəzən qadınlara rast gəlmək adi hal idi. Gənc qızlar Avropa və ABŞ-da dəbdə olan saç düzümlərini və geyimləri izləyir, moda jurnalları və filmlər isə bu tendensiyaların yayılmasına ciddi təsir göstərirdi.
Amma söhbət yalnız geyimlə bitmirdi. Restoran və və kafelərdə vaxt keçirən gənclər həmin dövrün fotolarında görünür. Qadınalr və qızlar da kişilərlə bərabər restoran və və kafelərə gedə bilirdilər.
Tehran küçələrində xarici avtomobillər, müasir mağazalar, kinoteatrlar və restoranlar fəaliyyət göstərirdi. Şəhərin bəzi məhəllələrində Avropa şəhərlərinə bənzər həyat tərzi formalaşmışdı. 1960-cı illərin əvvəllərində hətta Tehranda rok-n-roll gecələri keçirilir, gənclər musiqi və rəqslə əylənirdilər. Şemşək və Abəli kimi xizək kurortları isə varlı və orta təbəqənin istirahət məkanlarına çevrilmişdi.
Lakin İslam İnqilabından əvvəlki İranda bütün cəmiyyətin eyni həyat tərzi sürdüyünü də söyləmək olmaz. O vaxt da ölkədə ənənəvi və dindar təbəqələr var idi. Şəhərlə kənd arasında, varlılarla yoxsullar arasında ciddi fərqlər mövcud idi. Küçələrdə müasir geyimli qadınların yanında çadra geyinən qadınlara da rast gəlmək mümkün idi. Fotoarxivlər həmin ziddiyyəti xüsusilə yaxşı göstərir.
Xarici mənbələrin yazdığına görə, 1960–70-ci illərdə İranda spirtli içkilər də indiki kimi tam qadağan deyildi. Əksinə, Pəhləvi dövründə alkoqol qanuni şəkildə satılır və istehlak olunurdu: Tehran və digər böyük şəhərlərdə restoran, hotel və barlarda içki tapmaq mümkün idi.
1970-ci illərin Tehranında qadınlar sərbəst geyinir, kinoteatrlara və restoranlara gedir, barlarda içki satılır, ölkədə yerli şərab istehsal olunurdu...
1979-cu il inqilabından sonra isə İslam Respublikası alkoqolu müsəlmanlar üçün qadağan etdi.
Əslində, 1979-cu ildə baş verən inqilabdan sonra İranın sosial mənzərəsi kəskin şəkildə dəyişdi. Yeni hakimiyyət qadın geyiminə dair məcburi qaydalar tətbiq etdi və sonrakı illərdə hicab İranın ictimai həyatının ayrılmaz məcburi elementinə çevrildi.
Bu səbəbdən 1960-70-ci illərin Tehran fotoları bu gün xüsusilə maraqlı görünür.
Modern.az saytı xarici mənbələrin fotoarxivindən 60-70-ci illərin İranına aid şəkillər təqdim edir:



















A.Qorxmaz