Modern.az

Qarabağlı deputatlar hiddətləndilər

Qarabağlı deputatlar hiddətləndilər

22 Avqust 2012, 19:04

Aqil Abbas: “Ağdamlılar, gedin yeni komanda yaradın, “Qarabağ” sizin deyil”

Bəxtiyar Sadıqov: “Sənə pul qazanmağa şərait yaradan dövlət və o dövlətin idman siyasəti var”

Bir neçə vaxtdır ki, “Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan sərt etiraz getdikcə güclənir. Komandanın ev oyunlarını Ağdamda oynamaqdan imtina etməsi ağdamlılar üçün çox üzücüdür. Belə ki, onların neçə illərdir azarkeşlik etdikləri “Qarabağ” klubu bu mövsümdən etibarən öz ev oyunlarını Ağdamdan uzaqda keçirəcək.

“Qarabağ” klubunun rəhbərliyi komandanın Quzanlıdan Bakıya köçürülməsini orada şəraitin olmaması ilə izah edir. Bəs görəsən həmin ərazidən olan deputatlar bununla razılaşırlarmı?

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı, “Qarabağ”lı Aqil Abbas Modern.az-a açıqlamasında bildirib ki, bu komanda Ağdamın deyil, “Azersun” şirkətinindir və komandanın harada oynatmaq onun öz hüququdur.
“Bugünkü “Qarabağ”ın Ağdama getməməyi o komandanın öz hüququdur. Sadəcə olaraq, oradan Ağdam sözünü çıxarmalıdırlar. Çünki bir komandanın ki, adında Ağdam söz var, ora getməyə ərinirsə, o adı çıxarmalıdır. Guya yol uzaqdır, elə bil piyada gedirlər! Bu “Azersun”un öz komandasıdır. Ağdamlılar da gedib özünə komanda yaratsın!

Ağdamda hər zaman futbol məktəbi olub. Müxtəlif klublarda Ağdamın yetişdirdiyi məşqçilər və futbolçular var. Artıq komanda qurmaq lazımdır. Daha bəsdir, Türkiyədən, Gürcüstandan və yaxud Afrikada çöldə qalmışı gətirib komandanı saxlamaq olmaz. Azərbaycan öz futbolçusunu yetişdirməlidir və Ağdam da buyurub komandasını yetişdirsin. Onun-bunun dalınca düşmək lazım deyil”.

119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov da “Qarabağ” futbol klubunun Ağdamda oynamaqdan imtina etməsini və Suraxanı qəsəbə stadionu ilə müqavilə bağlamasını çox böyük təəssüf və təəccüblə hissi ilə qarşıladığını deyib:
“Ağdam düşmən işğalı altındadır. Ağdamda 17 köçkün şəhərciyi salınıb. Əvvəlcə həmin bölgədə 30 min insan yaşayırdı, sonradan müharibə dövründə daha 30 min köçkün ora pənah gətirdi. Onlar Ağdamın işğal edilmiş kəndlərindən gəldilər. Bu insanlar üçün dövlət başçısı İlham Əliyev Azərbaycanda ilk dəfə olaraq kənd yerində (o vaxtı Quzanlı kənd idi) Olimpiya idman kompleksi tikdirdi. Bu dövlət başçısının məcburi köçkünlərə və işğal rayonunda idmanın inkişafına qayğısıdır. Amma çox təəssüflər ki, komandaya sponsorluq edənlər müxtəlif bəhanələrlə və oyunbazlıqla çalışırlar ki, “Qarabağ” məcburi köçkün rayonunda, Ağdamın bu gün paytaxtı funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində, prezident İlham Əliyev tərəfindən tikilmiş Olimpiya idman kompleksinin stadionunda oynamasın”.

Deputat bunun səbəbini başa düşmədiyini deyib. Amma bildirib ki, müəyyən ehtimallar var , lakin onu hələ mətbuata açıqlamaq istəmir.

“Amma məcburi köçkünlərin öz komandalarına azarkeşlik etməsinə mənəvi haqları çatır. Müxtəlif bəhanələr var. Guya stadion yaxşı vəziyyətdə deyil. Yaxşı vəziyyətdə deyil, yaxşılaşdırın. Çox gülünc bəhanələrdir. Futbolçular uzaq məsafəyə gedirlər və yorulurlar. O vaxtı SSRİ çempionatı keçiriləndə komandalar dünyanın bu başında uçaraq o başına gedirdilər. “Neftçi” müttəfiq respublikaların hansı birinin paytaxtına gedib oyun oyanmırdı?! İndi çox şükür, yollarımız geniş və rahatdır. Ağdama 2 saat yarıma çatmaq mümkündür. Burada nə isə ayrı, bizim bildiyimiz, amma hələ açıqlamaq istəmədiyimiz məqamlar var. Məcburi köçkünün haqqı var ki, onun futbol komandası olsun. Onun haqqı var ki, prezidentin ona ərmağan etdiyi qəsəbədə oturub, prezidentin ərmağan etdiyi stadionda sevimli komandasına azarkeşlik etsin. Onu bu mənəvi hüququndan məhrum etmək olmaz. “Qarabağ”ın bu mövsümdə Suraxanı stadionunda oynamaqlarını əsasnaməyə salmaqla işlərini “etibarlı” tutublar. Amma bir baxsınlar görsünlər dövlətin siyasəti nədir. Görsünlər ki, dövlət başçısı həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Dövlət başçısı Azərbaycanda idmanın inkişafına çox böyük qayğı göstərir. Pul qazanmaq asandır. Sənə pul qazanmağa şərait yaradan dövlət var. O dövlətin isə idman siyasətinə dəstək vermək lazımdır”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı