Modern.az

ABŞ-ın ən nüfuzlu universitetinə qəbul olunan azərbaycanlı gəncin atası oğlundan DANIŞDI

ABŞ-ın ən nüfuzlu universitetinə qəbul olunan azərbaycanlı gəncin atası oğlundan DANIŞDI

Təhsil

18 Fevral 2021, 14:41

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən məşhur  universitetləri sırasında yer alan Massaçusets Texnologiyalar İnstitutunun (ABŞ) bakalavr pilləsində təhsil alacaq.

A.Namazov bir neçə gün öncə ABŞ-a gedib.

 

Massaçusets Texnologiyalar İnstitutu hazırda dünyanın ən yaxşı universitetləri sırasında 4-cü yrdə qərarlaşıb.

Jurnalist Şahvələd Çobanoğlu dəfələrlə respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olan Abutalıb Namazovun nüfuzlu ali məktəbdə təhsil almasını həm də Azərbaycanın uğuru sayır.

Modern.az-ın məlumatına görə, ata öz oğlunun nailiyyəti haqda danışıb:

“Oğlum haqda nəsə danışmağa çətinlik çəkirəm. Hətta buna görə məni qınayanlar da olur.
O, ötən il qəbul olunub, pandemiya səbəbindən yalnız indi Amerikaya oxumağa gedə bildi. Kompüter elmləri üzrə təhsil alacaq. Əlavə riyaziyyat da oxumağı düşünür. Oğlum sadə, çalışqan, yumor hissi ilə məni sevindirən, adi bir azərbaycanlı gəncdir. Uşaqlıqdan ədəbiyyatı və riyaziyyatı sevir. Fənn olimpiadalarında uğurlar da qazanıb. Fizika, riyaziyyat və informatika təmayüllü məktəbdə riyaziyyat olimpiada sinfində oxuyurdu. Müəllimlərinin, olimpiada fəaliyyətini quranların hədsiz zəhməti danılmazdır. Beynəlxalq imtahanlara hazırlıqda, qəbul prosesində bir çox dostların və qurumların dəstəyi böyük idi. Hər birinə təşəkkürümüz böyükdür”.

Ş.Çobanoğlu deyib ki, təbii olaraq, oğlunun uğuruna bir ata kimi çox sevinib, amma bir də ona sevinib ki, onun uğuru Azərbaycan məktəblilərinin hədəflərinin böyüməsinə kömək edir.

“Bu il məktəblilər və valideynlər ona yazır, zəng edir, hətta qəbul üçün məsləhətlər alırdı. Mən də sevinirdim ki, uşaqlarımız həvəslənir, ümidlənirlər.

Bir şey də deyim, ona qədər də Massaçusets Texnologiyalar İnstitutuna qəbul olunan azərbaycanlılar var, bir neçə nəfər orada magistratura da oxuyub və elə indi də onu orada magistraturada təhsil alan Elgün adlı parlaq bir gənc qarşılayıb. Mən bildiyimə görə, hətta çox istedadlı həmvətənimiz Tural Bədirxanlı transferlə Massaçusets Texnologiyalar İnstitutuna gələrək bakalavrı orada bitirib. Yəni oğlum ilk deyil. Sonuncu da olmayacaq.

Mən hər zaman bizim uşaqların böyük hədəflərə çata biləcək yetənəyə sahib olduqlarına inanmışam. Hərəsi öz uğurunu tapa bilər və arzu edək ki, tapsınlar. Onlara inanaq, hansı sahə olursa-olsun, öz uğurunu tapmalarına kömək edək.

Hamısının yolu açıq olsun!”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü