Modern.az

İrəvan gecə döyüşünə doğru… - TƏHLİL

İrəvan gecə döyüşünə doğru… - TƏHLİL

1 Mart 2021, 17:50

Prezident Armen Sarkisyan Onik Qasparyanla bağlı istefa fərmanını geri qaytarandan sonra baş nazir Nikol Paşinyan Konstitusiyaya görə, fərmanı ikinci dəfə göndərdi. Prosedura görə, Sarkisyan ya sabah cavab verməli ya da məsələ Konstitusiya Məhkəməsinə getməlidir: Nikol Paşinyan Konstitusiya Məhkəməsi hakimlərinin Qasparyanın xeyrinə qərar çıxaracağını anladığı üçün məsələnin prezident səviyyəsində həllinə çalışır:

- Bu gün saat 18:30-a mitinq təyin etdi;

- Prezidentin impiçmenti məsələsini gündəmə gətirdi (sonradan təkzib etsələr də);

- Səhər saatlarında prezident və baş qərargah rəisinin iştirakı olmadan Təhlükəsizlik Şurasının iclasın keçirdi: iclasda prezidentə fərmanı imzalamaq müraciətinin qəbul edildiyi deyilir.

Bu gün keçirilən mitinq Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyan və müxalifətlə yanaşı, Armen Sarkisyana qarşı da güc nümayişidir: hökumətin prezidenti fərmanı imzalaması üçün müxtəlif yollarla sıxacağı gözlənilən idi;

Mitinqə saatlar qalmış Paşinyan Armen Sarkisyanın iqamətgahına yollandı: bu, baş nazirin prezidentə sonuncu xəbərdarlığı hesab oluna bilər;

Armen Sarkisyan dilemma qarşısındadır: fərmanı imzalasa, ordu və müxalifəti qarısına alır, imzalamasa, hökumət onu “qiyama dəstək verən prezident” kimi impiçment edə bilər (Ermənistan prezidentini parlament seçir və parlamentdə çoxluq Nikol Paşinyanın  partiyasındadır);

Armen Sarkisyan üç istiqamətdə hərəkət edir: ən yaxşı halda fərmanı Konstitusiya Məhkəməsinə ötürmək, ən pis halda güclünün tərəfində yer almaq; Qasparyanı özünün istefa ərizəsini yazmasına inandırmaq;

İlk iki istiqamətdən birini seçmək çətindir: Nikol Paşinyan onu sıxır, hələ ki güclü tərəf müəyyənləşməyib. Bu baxımdan, o, üçüncü istiqamətdə hərəkət edərək, Qasparyanın istefa ərizəsini yazmasına çalışdı, hərçənd, nəticə əldə edə bilmədi.


Və günün ikinci yarısında Armen Sarkisyanın tədricən Nikol Paşinyanın qarşısında geri çəkildiyi müşahidə olunur: hökumət prezidentin impiçment məsələsini, o cümlədən, bugünkü aksiyanın prezidentə qarşı olduğunu təkzib etdi, ardınca Armen-Nikol görüşü ilə bağlı “hər şey yaxşıdır” tipli informasiya yaydı; mümkündür ki, Paşinyan mitinqdən öncə prezidentlə razılaşıb, Armen Sarkisyan da hökumətin güclü tərəf olduğunu hiss edir, xüsusilə, Paşinyanın “İsgəndər” tövbəsi, Kremlin tövbəni qəbul etməsi fonunda...


Saatlar sonda hökumət və müxalifət gücünü göstərəcək: müxalifət çadırlar qurub, lakin Nikol Paşinyanın da öz tərəfdarlarını Prezidentin fərmanı imzalamasına qədər küçələrdə saxlayacağı və zərurət olarsa, qarşıdurmaya qədər gedəcəyi də istisna deyil…


Asif Nərimanlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü