Modern.az

PJB-nin İNTİHARLA bağlı çağırışına DƏSTƏK

PJB-nin İNTİHARLA bağlı çağırışına DƏSTƏK

13 Mart 2021, 15:25

İntihar xəbərləri ilə son günlər demək olar ki, hər yerdə sosial şəbəkələrdə, televiziyada daha çox qarşılaşırıq. İntihar artıq gündəm də olan mövzulardan birinə çevrilib. İntihar xəstəlik kimi sürətlə artmaqdadır. Mediada səslənən intihar xəbərləri isə insanlarda artıq narahatlıq yaradır, psixoloji olaraq mənfi təsir göstərir. Media bu halları işıq üzünə çıxarmaqla, sanki bir növ intihar etməni təbliğ edirlər. Bununla da psixoloji problemi olan biri yenidən bu yola əl atmağı çıxış yolu kimi başa düşür.

 

Maraqlıdır ki, getdikcə sayı artmaqda olan intihar hadisəsinin qarşısını necə ala bilərik? Cəmiyyətimizi bu yoldan çəkindirmək üçün nə etməliyik?

Mövzu ilə bağlı Modern.az-a danışan “Teleqraf Holdinq”in  rəhbəri, jurnalist Aynur Camalqızı Parlament Jurnalistlər Birliyinin bəyanatına dəstəyini ifadə etdi. O, rəhbəri olduğu media qurumlarında intihar xəbərlərini illərdir ki, vermədiklərini diqqətə çatıdıb.

 

“Mənim təmsil etdiyim Axar.az saytı uzun illərdir ki, belə bir qərar qəbul ediblər ki, intihar xəbərləri ilə bağlı məlumatı saytda getməsin. Bu sayt birmənalı olaraq intihar xəbərlərini vermir. Çünki düşünürük ki, bu cür intihar xəbərləri bizim gənclərimizdə xüsusi ilə uşaqlarda, azyaşlılarda yanlış fikir oyada, onlara psixoloji təsir edə bilər”.

 

Aynur Camalqızı Parlament Jurnalistlər Birliyinin media orqanlarına intihar xəbərlərini yaymaqdan çəkinməkləri ilə bağlı təklifini alqışladığını qeyd edib:

“Bu çox gözəl bir addım olardı. Lakin bununla yanaşı düşünürəm ki, medianının imkanlarından istifadə edərək, bu yöndə maarifçilik işlərinin aparılmasına çox böyük ehtiyac var. İntihar məsələsi elə bir haldır ki, bu dünyanın həttda ən inkişaf etmiş ölkələrində də var. Bu bir psixoloji, depressiv vəziyyətdir. Bəzən ən ağıllı insanlar belə bu yola əl atırlar. Bizim ölkəmizdə hətta tanınmış psixoloqların belə intihar etmələri ilə bağlı məlumatlar var”.

 

Jurnalistin fikrincə, intiharların qarşısını almaq çox çətin olsa da, cəmiyyət “immunitetli” olarsa, intiharların qarşısını müəyyən qədər almaq olar.

“Düşünürəm ki, psixoloqlardan da, eyni zamanda müəllimlərdən də istifadə edərək, bu yöndə maarifləndirmə işlərini həddindən artıq artırmalıyıq. Orta məktəblərdə müəllimlər uşaqlarla bu yöndə çoxlu işlər aparmalıdırlar. . Bunun qarşısını almaq yolu daha çox təhsildən asılıdır. Yəni təhsil problemin həllində çox böyük dəstək ola bilər. Əslində isə intihar hallarının qarşısını almaq həddindən artıq çox çətindir. Çünki sosial şəbəkələr, youtube kanalı var. Uşaqlar bütün günü müxtəlif kanallardan lazımsız videoları izləyirlər. Bir çox hallarda da izlədikləri, gördükləri hər hansı bir şeyin təsirinə düşürlər. Yəni bir sözlə, qarşısını almaq, qapatmaq mümkün deyil. Lakin biz uşaqları elə yetişdirməliyik ki, onlar çıxış yollarını intiharda görməsinlər. Daha dayanıqlı, dözümlü olsunlar. Düşünürəm ki, media olaraq, bu yolları araşdırmaq və maarifləndirmə işlərini aparmaqla  cəmiyyətimizə, insanlarımıza çox böyük yardım etmiş olarıq”.

 

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?