Modern.az

Deputat həkimlər üçün ipoteka güzəşti TƏKLİF EDİR

Deputat həkimlər üçün ipoteka güzəşti TƏKLİF EDİR

19 Aprel 2021, 11:12

Həkimlər pandemiya ilə mübarizədə ən çox zəhməti olan vətəndaşlarımızdandır. Azərbaycan Prezidentinin göstərişinə əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq əlavələr edilir.

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib. Belə ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bü müddətdə 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə isə 138.500 manat məbləğində mükafat ödənilib.

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyini və bütövlükdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğundur:

 

“Belə ki, mövcud qaydalara əsasən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklifi məqsədəuyğundur.

 

Digər tərəfdən, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əməkhaqqlarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq.

O baxımdan təklif edirik ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır