UNEC-də Britaniya Şurası (British Council) ilə əməkdaşlıq çərçivəsində yaradılan Aptis Mərkəzi fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, mərkəzin fəaliyyəti universitetdə ingilis dili bacarıqlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və beynəlxalq sertifikatlaşdırma imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Aptis Mərkəzi tələbələrlə yanaşı, fərdi namizədlərin də beynəlxalq səviyyədə tanınan ingilis dili qiymətləndirilməsinə çıxışını genişləndirəcək.
Mərkəzin rəsmi açılışında UNEC-in rektoru professor Ədalət Muradov, Britaniya Şurasının Baş direktorunun müavini Kate Evart-Biggs, Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, İmtahan departamentinin direktoru Nərgiz Əkbərova və UNEC Xarici Dillər departamentinin əməkdaşları iştirak ediblər.
Tədbirdə UNEC ilə British Council arasında əməkdaşlığın inkişafı, xarici dil tədrisinin keyfiyyətinin artırılması və dil bacarıqlarının beynəlxalq meyarlar əsasında qiymətləndirilməsi məsələləri müzakirə olunub. UNEC Xarici Dillər departamentinin direktoru dosent Aysel Xəlilova universitetdə bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2025/2026-cı tədris ilində XDİAK-4 fənni üzrə Aptis imtahanında 3013 tələbə iştirak edib və onların 97,5 faizi uğurlu nəticə göstərib.
Görüşün sonunda UNEC ilə British Council arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.