Modern.az

Sənsiz sənli keçən günlərim - Rafiq Əliyevin mərhum xanımina 11-Cİ MƏKTUBU

Sənsiz sənli keçən günlərim - Rafiq Əliyevin mərhum xanımina 11-Cİ MƏKTUBU

19 Aprel 2021, 19:14

(esse)

 

 

 

Ömür  gün yoldaşım Aidə Əliyevanın əziz xatirəsinə

 

Mən səni sevirəm qüdsiddiyət ilə,

Rəbbim mələkləri sevdiyi kimi.

Müqəddəs əhd ilə, qətiyyət ilə,

Qəbrə aparacam bu saf eşqimi.

 

Vidadi Babanlı

 


Əzizim Aidə, aylar, illər necə gəlib keçir ömürdən, sənsiz keçən hər günüm bir ilə döndü, əsrə bərabər oldu illər – tənha illər. Deyirlər ki, zaman çox ağrıları, əzabları unutdurur. Yox, belə deyil. Sənsiz keçirdiyim bu illər bir dəqiqə də olsun sənsiz olmadı, əzablı olsa da sənli yaşadıq. Bu illər boyu hara baxıramsa sənli günlər göz önünə gəlir, hər şey səni xatırladır.

         
Sənsiz keçən illərimi ömürdən saymıram. Hər an düşünürəm ki, sənsiz keşən ömrüm dəyərmi sənli keçən bir dəqiqəmə.

         
Əzizim Aidə, nə yaxşı ki, özündən sonra övlad, nəvə yadigarları qoyub getdin. Hər zaman mənim və onların qəlblərinin yaddaşındasan. Axı unudulmayanlar heç zaman ölmürlər. Sənin sevimli nəvən, adını və varlığını yaşadan Aidə Əliyeva Türkiyənin Bilkənd Universitetinin tələbəsi oldu. O, bizim üçün ikiqat Aidədir, həm özünü, həm də səni yasadan Aidə.

         
Əzizim Aidə, tənhalıq yükü nə ağır olurmuş.

         
Taleyimə nə çox tənhalıq illər yazılıb. Tənhalıq dağı, hicran dağı Everestdən də boyük olurmuş. Tənhalığın dünya boyda iztirabları varmış. Omürlər boyu bölüşdüyün bir insanın biryolluq qəfil əbədi gedişini görəndə bütün ömür dünyan dağılmırmı.

         
Tənhalıq kimlərinsə çıxıb getməsi yox, Sənin qayıtmamağındır. Tənhalıq hissi mənimlə bütövləşib, ətrafdakı yüzlərlə insana rəğmən tənhayam. Bu tənhalığa son qoyan o izdihamlar deyil, başqa səsdir, başqa nəfəsdir, sənin səsin, sənin nəfəsin.

         
Əzizim, neyləmək olar, bu dünya ilə barışmaq çox cətindir, bu dunya çətin dünyadır. Qardaşım, əzız dostum Ramiz Rövşən demişkən


Bu dünya bir qaynar qazanmış demə,

Sondürməz odunu nə qar, nə yağış.

Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış...
         
Sən məni bu dünyada, özünü isə o dünyada tənha qoydun. Tanrının iznilə ruhlarımız görüşəndə bu tənhalığa son qoyarıq.

         
Sənin Rafiqin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır