Bu gün Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər keçirilir. Bir əsr əvvəl, 1926-cı ilin fevralında Azərbaycan paytaxtı türk dünyasının elmi və mədəni həyatında yeni bir səhifə açan möhtəşəm toplantıya ev sahibliyi etmişdi. O dövrdə qəbul olunan qərarlar yalnız həmin illərin deyil, sonrakı onilliklərin də istiqamətini müəyyənləşdirdi. Bu gün isə həmin ideyaların böyük hissəsi yenidən gündəmdədir və türk dövlətləri arasında əməkdaşlığın əsas sütunlarından birinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı imzaladığı Sərəncamda da vurğulanır ki, bu forum ortaq zəngin tarixə və mədəni irsə malik türk xalqlarının inteqrasiyasında müstəsna rol oynayıb. Qurultayda türkologiyanın ən mühüm problemləri geniş şəkildə müzakirə edilib, türk xalqlarının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı taleyüklü qərarlar qəbul olunub. Ən mühüm məsələlərdən biri isə latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçid ideyası idi.
Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi təsadüfi deyildi. XX əsrin əvvəllərində şəhər həm də intellektual mühiti ilə seçilirdi. Mirzə Fətəli Axundzadədən başlayan əlifba islahatı ideyaları, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli və digər maarifçi ziyalıların fəaliyyəti nəticəsində Azərbaycan türk dünyasında yenilikçi düşüncənin əsas mərkəzlərindən birinə çevrilmişdi. Elə buna görə də 1926-cı il fevralın 26-da Bakıdakı İsmailiyyə binasında dünyanın müxtəlif ölkələrindən və SSRİ-də yaşayan türk xalqlarından gəlmiş alimlər bir araya toplandılar. Qurultay on gün davam etdi, 17 iclas keçirildi və 131 nümayəndənin iştirakı ilə 38 elmi məruzə dinlənildi.

Bu toplantı dilçilərin və tarixçilərin elmi müzakirəsi olmaqla yanaşı, türk xalqlarının gələcək inkişaf modeli müzakirə olunurdu. Burada əlifba və yazı qaydaları, terminologiya, ədəbi dil, təhsil metodikası, türk dillərinin qohumluğu və ortaq elmi məkanın formalaşdırılması kimi məsələlər ətrafında mühüm qərarlar qəbul edildi. Ən böyük nəticələrdən biri latın qrafikalı əlifbaya keçid barədə ortaq razılığın əldə olunması idi. Sonrakı illərdə Azərbaycan və digər türk respublikaları bu istiqamətdə addımlar atdı, daha sonra isə Türkiyə də latın əlifbasına keçərək bu prosesi yeni mərhələyə çıxardı.

Lakin qurultayın yaratdığı böyük ümidlər uzun sürmədi. Sovet hakimiyyətinin sərtləşməsi ilə türk xalqlarının yaxınlaşması təhlükə kimi qiymətləndirildi. 1930-cu illərin repressiyaları zamanı qurultayın yüzdən çox iştirakçısı "pantürkizm" və "millətçilik" ittihamları ilə həbs olundu, sürgün edildi və ya güllələndi. Bəkir Çobanzadə, Əhməd Baytursunov, Salman Mümtaz, Ruhulla Axundov, Osman Nuri Ağçoqraqlı və onlarla görkəmli alim repressiyanın qurbanına çevrildi. Ardınca 1939-cu ildə latın qrafikası ləğv edilərək türk xalqları kiril əlifbasına keçirildi. Bununla da Birinci Türkoloji Qurultayın ən mühüm qərarlarından biri uzun illər həyata keçirilə bilmədi.

Aradan keçən yüz il göstərdi ki, ideyaları dayandırmaq mümkün olsa da, onları tamamilə yox etmək olmur. XX əsrin sonlarında Azərbaycan və digər türk respublikalarının müstəqillik qazanması ilə Birinci Türkoloji Qurultayda səsləndirilən fikirlər yenidən aktuallaşdı. Bu gün Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın əksər türk dövlətləri latın qrafikalı əlifbadan istifadə edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq əlifba, ortaq terminologiya, ortaq tarix və mədəni irslə bağlı layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin yubiley sərəncamında da qeyd olunur ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar artıq müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi, mədəni əməkdaşlığın dərinləşməsi və ortaq dəyərlərin qorunması istiqamətində atılan addımlar məhz həmin tarixi qurultayın ideoloji davamı kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının 2025-ci ildə Qəbələdə keçirilən Zirvə Görüşünün Bəyannaməsində də Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması xüsusi vurğulanıb.

Bu gün Bakıda keçirilən yubiley tədbirləri təkcə tarixi bir hadisənin xatırlanması deyil. Bu, yüz il əvvəl İsmailiyyə binasında səsləndirilən ideyaların zamanın sınağından çıxaraq yenidən türk dünyasının gündəliyinə qayıtdığının göstəricisidir. Bir əsr əvvəl qəbul olunan qərarlar bu gün ortaq əlifba təşəbbüslərində, elmi əməkdaşlıq layihələrində, mədəni inteqrasiyada və Türk Dövlətləri Təşkilatının fəaliyyətində öz əksini tapır.
Son illərdə Azərbaycanın həyata keçirdiyi siyasət də Birinci Türkoloji Qurultayın ideyaları ilə səsləşir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycan üçün türk dünyasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsini xarici siyasətin əsas hədəflərindən biri kimi qiymətləndirib. Dövlət başçısı müxtəlif platformalarda Azərbaycanın başqa coğrafiyalarda deyil, məhz türk dünyasında öz ailəsini və təbii müttəfiqlərini gördüyünü, Türk Dövlətləri Təşkilatının isə beynəlxalq münasibətlər sistemində mühüm güc mərkəzlərindən birinə çevrilməli olduğunu bildirib.

Məhz bu siyasətin nəticəsidir ki, son illərdə türk dövlətləri arasında münasibətlər yalnız mədəni-humanitar sahə ilə məhdudlaşmır. Əlaqələr iqtisadiyyat, nəqliyyat, enerji təhlükəsizliyi, müdafiə sənayesi, hərbi əməkdaşlıq, təhsil, elm və xarici siyasət sahələrində də sürətlə dərinləşir. Orta Dəhlizin inkişafı, ortaq investisiya layihələri, müdafiə sənayesi üzrə əməkdaşlıq, ortaq hərbi təlimlər və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək artıq türk dövlətlərinin əməkdaşlığının əsas istiqamətlərinə çevrilib.

Əgər 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq dilini, əlifbasını və elmi düşüncəsini formalaşdırmağa çalışırdısa, yüz il sonra həmin ideyalar daha geniş məzmunda – siyasi həmrəylik, iqtisadi inteqrasiya və təhlükəsizlik əməkdaşlığı formatında həyata keçirilir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul olunan qərarlar göstərir ki, bir əsr əvvəl irəli sürülən ortaq gələcək ideyası artıq nəzəri konsepsiyadan real əməkdaşlıq modelinə çevrilməkdədir.
Bu baxımdan Birinci Türkoloji Qurultay tarixdə qalmış bir elmi toplantı deyil. O, türk dünyasının ortaq kimliyini formalaşdıran və bu gün də dövlətlərarası əməkdaşlığın ideoloji təməlini təşkil edən ən mühüm hadisələrdən biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.