Modern.az

Müəllifin əməyinə hörmət edilməlidir  - İctimai Birlik

Müəllifin əməyinə hörmət edilməlidir  - İctimai Birlik

Mədəniyyət

Bu gün, 11:11

Süni intellektin yaratdığı əsərlərin müəllifliyi ilə bağlı ciddi hüquqi və etik ziddiyyətlər mövcuddur. Modern.az xəbər verir ki, bu fikir "Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət" layihəsi çərçivəsində hazırlanan internet televiziya proqramlarında səsləndirilib.

"Rəqəmsal iz" adlı proqram müəllif hüquqlarının rəqəmsal mühitdə qorunması ilə bağlı müxtəlif mövzulara həsr olunub. Layihə çərçivəsində hazırlanmış dörd internet televiziya verilişində hüquqşünaslar, universitet müəllimləri, İT və media ekspertləri, eləcə də sənətçilər rəqəmsal məkanda əqli mülkiyyət hüquqlarının qorunması, müəllif əməyinə hörmət mədəniyyətinin formalaşdırılması, plagiat və piratçılıqla mübarizə yolları barədə fikir və tövsiyələrini bölüşüblər. Proqramlar ümumilikdə minlərlə baxış toplayıb.

Bununla yanaşı, layihə çərçivəsində dörd maarifləndirici məqalə hazırlanaraq müxtəlif informasiya resurslarında dərc olunub. Məqalələrdə müəllif hüquqlarının qorunmasının hüquqi əsasları, rəqəmsal platformalarda kontentdən qanuni istifadə qaydaları, media subyektlərinin məsuliyyəti, süni intellekt texnologiyalarının yaratdığı yeni çağırışlar və müəllif əməyinin qorunmasının əhəmiyyəti oxuculara sadə və anlaşılan dildə izah edilib.

Layihə çərçivəsində hazırlanan bütün məhsulların əsas mesajı "Rəqəmsal məkanda hər paylaşımın müəllifi var və hər müəllifin əməyinə hörmət edilməlidir" fikrinin cəmiyyətə çatdırılması olub. Bu məqsədlə sosial şəbəkələr üçün qısa maarifləndirici videolar da hazırlanaraq paylaşılıb.

Maarifləndirmə fəaliyyətinə yönəlmiş layihə “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. İnternetdə kontentin sürətlə yayıldığı və müəllif hüquqlarının pozulması risklərinin artdığı müasir dövrdə cəmiyyətin bu sahədə maarifləndirilməsi layihənin əsas məqsədini təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada