Modern.az

Satınalmalar üzrə Dövlət Agentliyi: “Bəzi şirkətlər tenderdəki məğlubiyyəti ilə razılaşmaq istəmir”

Satınalmalar üzrə Dövlət Agentliyi: “Bəzi şirkətlər tenderdəki  məğlubiyyəti ilə razılaşmaq istəmir”

Aktual

22 Sentyabr 2012, 13:51

Dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə dövlət satınalmaları müsabiqə yolu ilə həyata keçirilir. Bəzi hallarda podratçı (malgöndərən) şirkətlər tenderlərin şəffaf keçirilmədiyini, qalibin əvvəlcədən məlum olduğunu və hər şeyin qabaqcadan həll olunduğunu iddia edirlər.

Satınalmalar üzrə Dövlət Agentliyinin Elektron məlumat bazasının təşkili sektorunun müdiri Sahib Mustafayev Modern.az-a bildirib ki, tenderdə qalibin müəyyən olunmasından sonra belə narazılıqların olması normal qarşılanmalıdır. Onun sözlərinə görə tender də bir yarışmadır və burada bir nəfər qalib seçilir. Ona görə də qalib olmayan şirkətlərin sonrakı narazılıqları bundan qaynaqlanır:

“Tenderdə iştirakçıların sayı 3-dən az olmamalıdır. Bu iddiaçılardan 1-i tenderin qalibi olur. Təbii ki, burada udan da olur, uduzan da. Ona görə də bəzi şirkətlər məğlubiyyətlə razılaşmaq istəmir. Narazılıqların böyük əksəriyyəti də bundan qaynaqlanır. Məlumdur ki, tenderin öz şərtləri var. Kimsə bunu başa düşməyə bilər. Bazar iqtisadiyyatı şəraitində bazar daim inkişafdadır. Təbii ki, bu da rəqabət doğurur. Dünyanın əksər ölkələrində də tender sonrası belə narazılıqlar daha çox olur”.

Sektor müdiri onu da bildirib ki, ötən il ümumilikdə respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 12499 satınalma həyata keçirilib. Təqdim olunan yekun protokollara əsasən, bağlanan satınalma müqavilələrinin qiyməti 2.655.943,73 min manat təşkil edib və satınalma predmetinin ehtimal olunan qiymətinin (2.849.505,8 min manat) 193.562,07 min manatına və ya 6,79 faizinə qənaət edilib. Onun sözlərinə görə, qənaətin 180.464,82 min manatı və ya 93,23 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 13.097,25 min manatı və ya 6,77 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 11274 (ümumi sayın 90,2 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 168.083,89 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (2.655.943,73 min manat) cəmi 6,33 faizini təşkil edib.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 11685 müsabiqə keçirilib. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 2.204.837,9 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 2.034.083,83 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 170.754,07 min manatına və ya 7,74 faizinə qənaət olunub. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 2.037.973,59 min manat, qənaət 158.567,28 min manat və ya 7,78 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 166.864,31 min manat, qənaət isə 12.186,79 min manat və ya 7,3 faiz təşkil edib.

Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 7303 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 1.593.911,23 min manat təşkil edib ki, onun da 1.741.185,41 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 147.274,18 min manatına və ya 8,46 faizinə qənaət edilib.

Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4382 satınalma müsabiqələrində 463.652,49 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 23.479,89 min manatına və ya 5,06 faizinə qənaət edilib.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollara əsasən, beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 37 satınalma üzrə müsabiqə həyata keçirilib. Satınalma predmetləri üzrə ayrılmış 411.109,75 min manat məbləğində vəsaitin 5.374,49 min manatına və ya 1,31 faizinə qənaət olunub.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 777 satınalma müsabiqəsi həyata keçirilib. Satınalma predmetlərinin 233.558,15 min manat məbləğində ehtimal olunan qiymətinin 17.433,5 min manatına və ya 7,46 faizinə qənaət olunub.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər