Modern.az

SOCAR benzinin bahalaşma səbəbini AÇIQLADI

SOCAR benzinin bahalaşma səbəbini AÇIQLADI

Ölkə

2 İyun 2021, 09:09

Azərbaycanda Aİ-95 markalı premium benzin bahalaşaraq 1 manat 40 qəpik, Aİ-98 markalı super benzin isə 1 manat 55 qəpik olub.

 
Aİ-95və Aİ-98 markalı benzinin qiymətini Tarif Şurası deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tənzimləyir. Bu markalardan olan benzini ölkəyə SOCAR idxal etdiyindən, qiymətləri də özü müəyyənləşdirir.

 

Bahalaşmanı Modern.az-ın sorğusuna cavab olaraq təsdiqləyən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, səbəb neftin dünya birjalarındakı qiymət artımıdır:

 

“Ölkədə istehlak edilən Aİ-92 benzini, dizel yanacağı, eləcə təyyarə yanacağının əsas hissəsi Azərbaycanda istehsal olunur. Ölkə daxilində istehsal olunduğuna görə də bu yanacaq növlərinin qiyməti dünyada neft qiymətlərindən birbaşa asılı deyil, çünki dövlətin müvafiq tənzimləyici qurumu tərəfindən müəyyən olunur. Məhz buna görə də bu yanacaq növlərinin qiyməti dəyişməyib. Adətən bu yanacaq növlərinin qiyməti bir neçə il sabit qalır”.

Onun sözlərinə görə, Premium (Aİ-95) və Super (Aİ-98) markalı benzin növləri  ölkədə istehsal edilmir, xaricdən idxal olunur:

“Məhz buna görə bu benzin növlərinin qiyməti dünya bazarlarında neft və neft məhsullarının qiymətindən asılıdır. Son 1,5 il ərzində bu benzin növlərinin qiyməti dünyada olduğu kimi, Azərbaycanda da bir neçə dəfə dəyişib. Misal üçün, Premium benzinin qiyməti əvvəl 1,5 AZN olub, Pandemiya dövründə 1,1 AZN-ə düşmüşdü. Sonra dünya bazarlarında qiymətlər qalxdıqca, Azərbaycanda da idxal olunan benzin növlərinin qiyməti yüksəlməyə başladı və bu, bir qayda olaraq, dünyadakı qiymətlərdən asılıdır”.
 

İ.Əhmədov deyib ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycanda çox az istifadə edilir:

 

“Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti dövlət tərəfindən tənzimlənir”.

 
“Gələn il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işinin hazırkı mərhələsi sona çatacaq və Premium (Aİ-95) markalı benzinin istehsalı Azərbaycanda da mümkün olacaq. Bu da həmin benzin növünün təchizatı baxımından idxaldan asılığımıza son qoyacaq. Hazırda isə bu benzin növü Azərbaycanda nisbətən az istehlak olunur. Əsas istehlak olunan yanacaq növləri ölkə daxilində istehsal olunan dizel və Aİ-92 benzinidir”,-İ.Əhmədov əlavə edib.

Qeyd edək ki, artıma qədər Aİ-95 markalı benzin 1 manat 25 qəpik,  Aİ-98 markalı benzin isə 1 manat 40 qəpik idi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!