Modern.az

Jurnalistlər MEDİA-nın yeni layihəsini ALQIŞLADI: “Əvvəl şübhə ilə yanaşırdım amma…”

Jurnalistlər MEDİA-nın yeni layihəsini ALQIŞLADI: “Əvvəl şübhə ilə yanaşırdım amma…”

19 İyun 2021, 14:24

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir. Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovative təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

 

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Modern.az-a bildirib ki, keçirilən silsilə tədbirlərdə media rəhbərlərinin təklifləri də nəzərə alındı:

“Yüksək səviyyədə çox maraqlı təlimlərdir. Onu deyim ki, biz özümüzü təlim keçən şəxslərik. Amma buna baxmayaraq orda dialoq vasitəsilə biz özümüz üçün də yeni nələrsə aşkar eliyirik. Digər tərəfdən media haqqında yeni qanun layihəsinin hər bir bəndi müzakirə olundu. Burada ən əsası  Əhməd müəllim hər bir fikirə diqqətlə yanaşması, detallara diqqət etməsi oldu. Media haqqında qanunda media rəhbərlərinin dediyi fikirlərdə nəzərə alındı. Ümumiyyətlə, təlimlər çox maraqlı keçirilir. ADA-nın pedaqoqu Şəfəq xanım həqiqətən də ABŞ təcrübəli şəxsdir.  Belə silsilə tədbirlərin keçirilməsi əlbətdəki önəmlidir və bunun davamlı olmasını istəyərdim.  Düşünürəm ki, növbəti mərhələdə gənc jurnalistlər üçün təlimlər keçirilsə, daha yaxşı olar. Ümumiyyətlə, iri media qurumları nə qədər media məktəbləri yaratsalar, bir o qədər də gənc jurnalistlər üçün təkan ola bilər”.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sözlərinə görə, bu təlimləri media sahəsində həmfikirlərin klubu adlandırmaq olardı:

“Öncə onu deyim ki, təlimlər davam edir. Bu təlimdə əsasən media rəhbərləridir. Həm yazılı mətbuat, həm online və audiovizual media da var. Silsilə tədbirlər bir ay müddətində həftədə iki dəfə olmaqla davam edəcək. 

Düzünü desəm, başlanğıcda şübhəli yanaşırdım ki, bu uzun müddətdə nə baş verəcək. Amma elə ilk təlimdə fikirlərim dəyişdi. Birinci Əhməd İsmayılov yeni media haqqında qanun barədə fikirlərini bölüşdü, müzakirələr aparıldı. Daha sonra ADA universitetinin müəllimləri çıxış etdi. Əsasda ADA universitetinin müəllimi, bizim jurnalist həmkarımız  Şəfəq Mehrəliyevanın məruzələri dinlənildi. Əslində bu məruzə deyildi, bir polemikaydı, iştirakçılarla çox maraqlı müzakirələr idi. Bunu həm də media sahəsində həmfikirlərin bir klubu adlandırmaq olar. ADA-nın özünün abu-havası, aurası, gözəl şəraiti, gözəl bağı-bağçası orda olmaq, eyni zamanda həmkarlarımla bir yerdə çay süfrəsində seminarlar zamanı polemikalar etmək,  məndə çox müsbət təəssürat yaratdı. O gündən bəri hər yerdə fürsət düşdükcə bu seminarların önəmini, Şəfəq xanımın çox peşəkar çıxışlarından danışıram. 

Elə bilirəm ki, bu çox vacib seminar idi. Bizim heç gözləmədiyimiz bir anda, həmkarları bir yerə gətirmək  medianın hansı istiqamətə inkişafı barədə çox vacib əhəmiyyətli müzakirələr etmək çox təqdirə layiqdir. Mən təşkil olunan təlimləri çox bəyəndim və davamlı iştirak edəcəyəm”.

 

 

Jurnalist Ləman Ələşrəfqızının fikrincə, süni əngəllər olmasa bu təlimlərdən media çox gözəl bəhrələnəcək:

 

“Mən təlimləri çox yaxşı və müsbət qarşılayıram. Dediyim ki, hər halda kolxoz sədrinə oxşayan Vüqar Səfərlinin zamanında biz heç vaxt o agentliyə yaxın dura bilmirdik. Ad başqa olsa da, amma missiya eyni idi.  İndi mənə elə gəlir ki, hər şey müsbətə doğru dəyişəcək. İnternet tv-lərinin hədəf olduğu bu günlərdə MEDİA-nın bu addımı atması çox gözəldi.  Əhməd müəllimin özü ilə də söhbətdə dedim ki, bu şəkildə davam edilsə, media bundan çox bəhrələnəcək. Mediaya belə bir dəstək olunduğu üçün təşəkkür etdim.  Əsas odur ki, orada kütləvi informasiya vasitələri haqqında qanun müzakirə olundu.

Bizim təkliflərimiz soruşuldu, bunlar dərhal nəzərə alındı. Əsas məsələ odur ki, bütün bunlara diqqət yetirildi.  Arzu edirəm ki, qarşısına ciddi əngəllər çıxmasın, yəni ona süni şəkildə əngəllər yaratmasınlar. Əgər hər hansı əngəl olmasa, Azərbaycanda müstəqil medianın böyük uğur olacaq. Mən buna o qədər ürəkdən inanmaq istəyirəm ki, inanıram da ki, yaxşı olacaq”.

 

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən  Al Jazeera və Haber Global- ın mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər. 

 

Fidan İlqar

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...