Modern.az

Fulya Öztürk haqqında film çəkən rejissor danışdı, baş redaktor etiraz etdi: “...cavabınızı alacaqsınız!”

Fulya Öztürk haqqında film çəkən rejissor danışdı, baş redaktor etiraz etdi: “...cavabınızı alacaqsınız!”

20 İyun 2021, 11:39

44 günlük Vətən müharibəsi dövründə Azərbaycanla bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli filmin çəkilməsi social şəbəkələrdə birmənalı qarşılanmayıb.
“Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olan layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə edilir. Çəkilişlər İstanbul, “CNN Türk”də başlayıb, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.

Fulya Öztürk barədə sosial şəbəkələrdə açılan müzakirələrdə bəziləri olayı təqdir edib, digərləri tənqid kontekstindən yanaşıb.

Məsələyə filmin müəllifi, kinorejissor Tahir Tahiroviç də münasibət bildirib. Modern.az-ın məlumatına görə, kinorejissorun reaksiyası belə olub:

“Bir neçə gündür müəllifi olduğum "Fulya" adlı sənədli filminin müzakirəsi gedir. Çəkilişlərdə olduğum üçün xüsusi reaksiya vermirdim. Amma və lakin....

Xatırladım ki, bu film Mədəniyyət Nazirliyinin həyata keçirdiyi müsabiqədə qalib olan filmlərdən biridir. Yəni əgər proyekt müsabiqədə jüri tərəfindən qalib elan olunubsa, burda nazirliyin heç bir günahı yoxdur. Qalib olan proyekti şərtlərə görə maliyyələşdirməyə borcludur. Əgər biz "Azərbaycanfilm" olaraq Fulya öztürk haqqında film çəkməyə istəkli olmuşuqsa, burda onun nə günahı var? Mən təklif etmişəm o da qəbul edib. Sözünüz varsa mənə deyin.
Fulya müzakirə mövzusu ola bilməz. Çünki ideya və müəllif bizik. Fulya Öztürkün müdafiəyə ehtiyacı yoxdur. O, müdafiə olunmağı yaxşı bilir, çünki peşəkar təhsil görmüş hərbi jurnalistdir. Qısası, nə sualınız olsa mən 24/7 hazıram. Söz yox ki, istənilən şəxs mənə sual ünvanlıya bilər. Niyə Fulya? Arxayın olun ki, kimliyinizdən asılı olmayaraq cavabınızı alacaqsınız”.

Belə bir filmin çəkilişlərini alqışlayan “525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə bildirib:

“Fülya Öztürklə bağlı müzakirələr nə qədər cahil və xəbis adamların “Feysbuk”da meydan suladığının növbəti təsdiqi oldu.

Elə bil, görünməz bir əl qəsdən suyu bulandırır, insanlar arasında bölücülük, ikitirəlik yaradır, kin-küdurət toxumu səpir. Bəsit düşüncəli, həyasız adamlara indiki kimi münbit şərait heç vaxt olmayıb. Ağzına gələni de, kimə istəyirsən şər at!..

Bunun qarşısını inzibati yolla almaq mümkünsüzdür. Yüz il öncəki kimi yenə də mədəniyyət, maarifçilik, ədəb-ərkan toxumları səpilməlidir. Cahil, savadsız, naqis, kin-küdürət püskürən profillər cavabın anındaca almalı, tənbeh olunmalı, sərrast arqumentlərlə susdurulmalıdır.

Yoxsa süni şəkildə yaradılan bu eybəcər, ürək bulandıran ab-havaya alışmaq, adət etmək vərdişi yaranacaq. Feysbukun saflaşmasına, təmizlənməsinə ciddi ehtiyac var. Səviyyəsiz və cahil adamların ara qarışdırmağa, su bulandırmağa cəsarət etmələrinə əsla yol vermək olmaz”.

 
A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi