Modern.az

Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ

Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ

24 İyun 2021, 20:43

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı Rusiya və Türkiyə liderəri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.

 

Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

  

Rusiya Prezidenti həmçinin Türkiyə lideri ilə Ağ Evin başçısı Co Baydenlə iyunun 16-da Cenevrədə apardığı danışıqlar barədə təəssüratlarını bölüşüb.

 

Tərəflər "digər səviyyələrdə şəxsi təmasları və ortaq işi davam etdirmək" barədə razılığa gəliblər.

 

Bundan əlavə, Ərdoğan Putinlə telefon danışığında iki ölkə arasındakı uçuşların bərpa olunmasına və Sputnik V koronavirus peyvəndinin respublikaya tədarükünə başlandığına görə minnətdarlığını bildirib. "Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin Türkiyə ilə uçuşları bərpa etmək qərarına, habelə Rusiya istehsalı Sputnik V peyvəndinin tədarükünə başlaması üçün təşəkkür etdi" - məlumatda deyilir.

 

Söhbət zamanı müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərinin müzakirə olunduğu qeyd edilib.

 

Turan ASLAN

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi