Modern.az

Daşbaşı faciəsindən 28 il ötdü - Deputat şəhidləri yad etdi

Daşbaşı faciəsindən 28 il ötdü - Deputat şəhidləri yad etdi

Qarabağ

15 Avqust 2021, 20:58

Tarix boyu ermənilər Azərbaycan xalqının başına bir çox faciə və müsibətlər gətiriblər. Belə hadisələrdən biri də 28 il öncə - 15 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunda baş vermişdi. Həmin hadisə zamanı Ermənistan silahlı qüvvələri Ordumuzun Daşbaşı postuna qəfil hücum edərək, 23 əsgərimizi vəhşicəsinə qətlə yetirmişdilər.


Daşbaşı mövqeyi irəlidə döyüşən əsgərlərimizə artilleriya dəstəyi vermək və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərimizin hava telefonu ilə verdikləri koordinatlar əsasında açdıqları yaylım atəşlərlə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirmək və havada uçan düşmən obyektlərini vurub salmaq idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol nahiyəsində ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ nahiyəsində isə kənd məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda zenitçilər durmuşdular.


Ümumilikdə Daşbaşı mövqeyinin özünü müdafiə etmək üçün isə sol tərəfdəki dərənin o biri tayında yerləşən Mülkədərə yüksəkliyində beş nəfərdən ibarət əlavə bir artilleriya mühafizə postu yaradılmışdı. Hər iki postda 28 nəfər gənc döyüşçü dayanmışdı.

Daşbaşı postu Cəbrayıl üçün ən vacib postlardan biri idi. Həmin postun önəmli olduğunu mənfur ermənilər bilirdilər. Məhz elə buna görə avqust ayının 14-dən 15-nə keçən gecə saat 4-5 radələrində planlaşdırılmış formada güclü qüvvə ilə həmin posta hücum edib yüksəkliyi ələ keçirmişdilər. Qeyri-bərabər döyüşdə ermənilər 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyitlərini tanınmaz hala salmışdılar.

Bu faciədə həlak olmuş gənc əsgərlərimizin bəziləri nişanlı idi. Onların nişan paltarları və qızıl-zinət əşyaları da kəfənə bükülüb nakam şəhidlərin məzarlarına qoyuldu.

Daşbaşı hadisəsi Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi xatırlanır. Bu hadisə zamanı həlak olmuş qəhrəman övladlarımızı rəhmətlə anırıq.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı bu dəfə ermənilər ciddi itki veriblər...




Ceyhun Məmmədov,

Milli Məclisin üzvü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir