Modern.az

Azərbaycan ilk dəfə Avropaya dəri ixrac edəcək

Azərbaycan ilk dəfə Avropaya dəri ixrac edəcək

27 Avqust 2021, 12:32

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avropa İttifaqı ölkələrinə heyvan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib. Baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi Baş Direktorluğu ilə danışıqlar aparılıb.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, "3A Çümen deri" MMC və "Şahındəri.M" MMC yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının Qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə daxil olması üçün məktub ünvanlanıb.

 

Qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və Avropa İttifaqının müvafiq qurumları ilə aparılmış danışıqlar nəticəsində müsbət nəticələr əldə edilib. Ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün həmin müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə uğurla qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub