Modern.az

Gələn ay Qarabağda iki böyük layihə tamamlanacaq - FOTOLAR

Gələn ay Qarabağda iki böyük layihə tamamlanacaq - FOTOLAR

Qarabağ

31 Avqust 2021, 10:50

Gələn ayın sonlarında işğaldan azad olunmuş ərazilərdə iki böyük layihənin tamamlanması nəzərdə tutulub. 

 

Modern.az xəbər verir ki, bunlardan biri “Zəfər Yolu”, digəri Füzuli Beynəlxalq Hava Limanıdır. 

 

“Zəfər Yolu” M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149- cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dövlət başçısı tərəfindən Zəfər yolu adlandırılıb.

 

Azad olunmuş ərazilərdə həyata keçirilən böyük layihələrdən biri Füzulidə hava limanının inşasıdır. Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

 

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismar hazırdır. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

 

 

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Eyni zamanda, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.

 

Qeyd edək ki, bu günlərdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Füzuli əsilli vətəndaşlar üçün Füzuli Beynəlxalq Hava Limanında vakant yerlərin açıldığını elan edib. Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzulidən olan vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunublar.

 

“Zəfər Yolu” və Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı azad olunmuş ərazilərdə digər layihələrin icrası sürətlə davam etdirilir. Bir çox obyektlərin yaxın aylarda tam hazır olacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu