Modern.az

“Sosial şəbəkələrlə bağlı qanun hazırlana bilər, lakin...” - Deputat

“Sosial şəbəkələrlə bağlı qanun hazırlana bilər, lakin...” - Deputat

1 Sentyabr 2021, 15:34

"Sosial şəbəkələrlə bağlı qanun layihəsini qəbul etməklə məsələ həll olunmur. Biz qanun layihəsini hazırlayıb, qəbul edə bilərik. Bu qanun layihəsinin işlək olması vacibdir. Sual yaranır ki, praktikada qanun layihəsi işlək olacaqmı?".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

 

Deputat bildirib ki, sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlamaq üçün ilk növbədə sosial şəbəkə operatorları (Facebook, İnstagram, Twitter, Youtube və s.) ilə danışıqlar aparmaq laızmdır:

 

"Bunlarla qarşılıqlı razılaşma olmadan belə bir qanun layihəsini qəbul etmək heç bir əhəmiyyət kəsb etmir. Almaniya modeli dünyada birincidir. Bu ölkə dünyada ilk dəfə olaraq belə bir qanun layihəsini tətbiq etdi. Almaniya bu qanun layihəsini qəbul etməmişdən əvvəl uzun müddət "Facebook"la danışıqlar apardı. Bundan sonra 2017-ci ildə "Sosial şəbəkələrin mühafizəsi haqqında qanun” qəbul edildi. Almaniya modelində "Facebook" qarşısında belə tələb qoyuldu ki, bu sosial şəbəkə bütün cinayət tərkibli paylaşımları silməli və hesabat təqdim etməlidir. Sonra gördülər ki, "Facebook"un bu məlumatları silməsi və yaxud hesabat təqdim etməsilə məsələ həll olunmur. Cinayətkar yenə də cəzasız qalır. Almaniya hökuməti danışıqlardan sonra "Facebook" qarşısında daha əhəmiyyətli tələb irəli sürdü ki, adıçəkilən sosial şəbəkə cinayət tərkibli paylaşımları sadəcə silməyəcək, eyni zamanda, həmin şəxslər barəsində məlumatları Almaniya Kriminal Federal İdarəsinə ötürəcək. Bu idarə də öz növbəsində yerli hüquq-mühafizə orqanlarına məlumat göndərəcək ki, filan ünvanda yaşayan şəxs sosial şəbəkədə cinayət tərkibli paylaşım edib. Həmin şəxs "Facebook"un ötürdüyü məlumatlar əsasında tapılacaq".

 

 

N.Həsənov qeyd edib ki, ölkəmizdə sosial şəbəkələrlə bağlı qanun qəbul etməklə problem həll olunmayacaq:

 

"Bu baxımdan mütləq sosial şəbəkə operatorları ilə danışıqlar aparılmalıdır. Almaniyadan sonra Avropa İttifaqı bütövlükdə sosial şəbəkələrin hüquqi tənzimlənməsi üçün qanun layihəsi hazırlayır. Bunu ölkəmizdə də edə bilərik. Sosial şəbəkələrdə cinayət tərkibli paylaşım edən şəxs məsuliyyətə cəlb olunmalıdır. "Facebook"  bu məlumatları Almaniyaya verib. Ona görə də digər ölkələrə verməyə bilməz. Sosial şəbəkələrlə bağlı qanun Almaniyada qəbul olunan günün  səhəri bizdə də tətbiq olunmasını təklif etdim. Gələcəkdə bu mümkün olacaq. Buna doğru gedilir. Düşünürəm ki, Avropa İttifaqı ölkələri bunu qəbul edəndən sonra digər ölkələr də belə tələb qoyacaq".

 

Xatırladaq ki, bundan öncə də Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib, yeni qanun layihəsinin hazırlanması barədə təkliflər irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır