Modern.az

Sahibə Qafarova İƏT nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova İƏT nümayəndə heyəti ilə görüşüb

15 Sentyabr 2021, 14:50

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qonaqları salamlayan Sahibə Qafarova, görüşün xalqımız üçün çox əlamətdar bir gündə baş tutduğunu bildirib. O, 103 il əvvəl - sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edildiyini xatırladıb. Spiker ölkələrimizin hər zaman bir-birinə dəstək olduqlarını qeyd edərək, bu gün də münasibətlərimizin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Sahibə Qafarova bu il iyul ayının 27-də Milli Məclisdə keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşündən danışaraq, tədbirin yekununda imzalanan Bakı Bəyannaməsinin ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

 

Görüşdə Spiker 44 günlük Vətən müharibəsi haqqında məlumat verərək, deyib ki, artıq tarixə qovuşmuş münaqişənin həlli ilə bağlı 30 ilə yaxın davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməmişdir. Ermənistan müxtəlif təxribatlar törədərək, danışıqlar prosesinə mane olmuş, torpaqlarımızı işğal altında saxlamağa çalışmışdır. Lakin ötən il ölkəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər ərzində kağız üzərində qalan 4 qətnaməsini özü həyata keçirib. İndi  işğal nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün zəmin yaranıb. Təəssüflər olsun  ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir və sülhün bərpa olunmasına, quruculuq, abadlıq işlərinə maneçilik törədir.

 

Qonaqların səfər çərçivəsində işğaldan azad olunmuş şəhər və rayonlarımıza səfər edəcəklərini bildirən Sahibə Qafarova deyib ki, onlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə görəcəklər. Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır.

 

Milli Məclisin sədri bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işləri həyata keçirilir.

 

İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana səfər etdiklərini xatırladan Baş Ombudsman səfər çərçivəsində Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olduqlarını, Ermənistandan atılan raketlər nəticəsində həyatlarını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət etdiklərini, yaxınları ilə görüşdüklərini deyib. Həmin dövrdə hazırladıqları hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdiklərini, həmçinin həmin hesabatı BMT-yə və beynəlxalq insan haqları təşkilatlarına göndərdiklərini bildirib. Şərəf Malkoç qeyd edib ki, bu dəfəki səfər çərçivəsində isə Ağdam, Tərtər, Şuşa və ətraf rayonlara səfər edəcəklər. Nümayəndə heyəti Ermənistanın Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olacaq. O, həmçinin, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim olunmamasını da beynəlxalq hüququn kobud  pozuntusu kimi dəyərləndirərək, bununla bağlı müvafiq hesabat hazırlanaraq, BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndəriləcəyini vurğulayıb.

 

Görüşdə çıxış edən Pakistan İslam Respublikası Ombudsmanının müşaviri Məhəmməd Cavid Qani də ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini qeyd edib. O, Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu bildirərək, ölkəsinin Azərbaycanla əməkdaşlığının  dərinləşməsinə böyük əhəmiyyət verdiyini deyib.

 

Görüşdə həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyə Respublikasının Ombudsmanı Celile Özlem  Tunçak, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir