Modern.az

Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi

Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi

24 Sentyabr 2021, 11:52

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində xüsusi təyinatlı qüvvələrin döyüş əməliyyatlarını xarakterizə edərkən danışıb.

 

Xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirdiyini, onların fəaliyyətini, təchizatını daim nəzarətdə saxladığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm”.

 

Prezident bildirib ki, müxtəlif strukturların tərkibində ümumilikdə 7 xüsusi təyinatlı qüvvə vardı və hərbi əməliyyatların müəyyən mərhələsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları da cəlb olunmuşdu. “Lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır