Modern.az

APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub

APA-da kadr dəyişiklikləri - Vüsalə Mahirqızı baş direktorluqdan azad olunub

Media

16 Noyabr 2012, 13:26


Noyabrın 16-da “APA Holding” MMC-nin təqdimatı keçirilib. Modern.az APA-ya istinadən bildirir ki, təqdimat mərasimi holdinq haqqında filmin nümayişi ilə başlayıb. 

Daha sonra çıxış edən APA-nın baş direktoru, “APA Holdinq”in Direktorlar Şurasının sədri Nurşən Quliyev şirkətin fəaliyyəti və yenilikləri barədə ətraflı məlumat verib. O, “APA Holding” MMC-nin bu il oktyabrın 3-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini deyib: “Holdinqə “Azəri-Press” İnformasiya Agentliyi MMC (APA), “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC, “Ekonomist” MMC, “APA SERVİS” MMC-lər daxildir. Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Holdinqin www.apaholding.az ünvanlı saytı fəaliyyətə başlayıb”.

 N.Quliyev qeyd edib ki, holdinqin yaradılması ilə əlaqədar, Vüsalə Mahirqizi APA-nın baş direktoru vəzifəsindən azad olunub. Həmin vəzifəyə indiyə qədər agentliyin baş direktorunun birinci müavini işləmiş Nurşən Quliyev təyin olunub. “Lent.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru Qabil Rüstəmov, “Vesti.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru Araz Zeynalov, “APASport.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru İxtiyar Əsgərov, “Ekonomist” MMC-nin baş direktoru Vüqar Mustafayev, “APA SERVİS” MMC-nin baş direktoru Eldəniz Vəliyevdir. “APA Holding”in prezidenti Vüsalə Mahir qızı Abışovadır. O bu vəzifəyə Direktorlar Şurasının 29 oktyabr 2012-ci il tarixli iclasında təsdiqlənib.

N. Quliyev “APA Holding”in Həmkarlar İttifaqı Komitəsinin yaradıldığını da diqqətə çatdırıb. “APA Holding” kollektivinin 2012-ci il noyabrın 2-də keçirilən ümumi iclasında bununla bağlı qərar qəbul olunub. APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımbəyli kollektivin qərarı ilə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Daha sonra toplantıda Komitənin Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Kollektivin qərarına əsasən, üzvlüklə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət qəbul olunub. “APA Holding” MMC-nin Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul edilib.

 Tədbirin davamında çıxış edən “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı qeyd edib ki, 8 il öncə APA yaradılarkən əsas hədəflərdən biri də müəyyən illərdən sonra mətbuat sahəsi üzrə bir holdinqin yaradılması olub. O, APA-nın çalışqanlığı, istedadı, potensialı və istəyi nəticəsində buna nail olunduğunu vurğulayıb: “Bundan sonra da bu uğurları davam etdirəcəyik. Gələcəkdə oxuculara bir neçə yeni layihə də təqdim olunacaq. “Lent.az” saytı daha da böyüyəcək, genişlənəcək və Azərbaycanın ilk milli portalı olacaq. Oxucular istədikləri informasiya asan şəkildə oradan əldə edə biləcəklər.
 Mən APA daxilində etik davranış kodeksinin qəbul olunması üzərində xüsusi dayanmaq istəyirəm. Bu, Azərbaycan mətbuatı üçün bir yenilikdir. Biz belə düşünürük ki, hər bir media orqanın özünün peşə davranış qaydaları olmalı və jurnalistlər də buna riayət etməlidirlər”.

Təqdimat mərasiminin sonunda tort kəsilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi