Modern.az

Vətən Müharibəsi Qəhrəmanı - polkovnik-leytenantın şəhid olduğu GÜNDÜR

Vətən Müharibəsi Qəhrəmanı - polkovnik-leytenantın şəhid olduğu GÜNDÜR

Qarabağ

10 Oktyabr 2021, 11:00

Bu gün – 10 oktyabr tarixi Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüş polkovnik-leytenat Əfqan Abdurahmanovun şəhid olduğu gündür.

Modern.az-ın məlumatına görə, Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı il mayın 25-də Qəbələ rayonunun Əmirvan kəndində dünyaya gəlib.
Uşaqlıqdan hərbi sahəyə marağı olub. Orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollandıqdan sonra uşaqlıq həvəsinin ötəri olmadığını həm nümunəvi xidməti, həm də israrla ordu sıralarında qalmaq istəyi ilə təsdiqləyib.
Əfqan 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997-2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.

Beləcə, çətin və şərəfli yolda öz izlərini qoymağa başlayır, peşəkar zabit, kəşfiyyatçı yolu keçir. Müdafiə Nazirliyinin göndərişi ilə dəfələrlə Türkiyə, Çexiya və Çində müxtəlif kurslarda, hərbi təlimlərdə iştirak edir. Ordu sıralarında olduğu illər ərzində, demək olar ki, daim ön cəbhədə, düşmənlə burun-buruna xidmət aparır. 2016-cı il dördgünlük Aprelin döyüşlərində də iştirak edərək şücaət göstərir. O, nümunəvi xidmətinə görə Azərbaycan Ordusunun yaranmasının 90, 95 və 100 illik yubiley medalları, eləcə də “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının müxtəlif dərəcələri ilə təltif olunub. 

Azərbaycan Ordusunun polkovnik-leytenantı Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günlərində işğaldan azad edilən ərazilərimizdən biri olan Murov dağı silsiləsindəki zirvələrdən birinə bayrağımızı sancanlardan olub. Zirvənin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik edib. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat keçirilən zaman hərbçilərimiz qalın sis-dümana düşür.


Onun ən çətin an düzgün qərar çıxarmaq peşəkarlığı, relyefi düzgün qiymətləndirməsi sayəsində hərbçilərimiz heç bir itki vermədən sağ-salamat döyüş mövqeyinə çıxır və Murovdağ zirvələrindən birinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərir, zirvəyə Azərbaycan bayrağını sancır.


Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artileriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verib.


Polkovnik-leytenant daha sonra Suqovuşana istiqamətində döyüşür. Suqovuşan kəndinin azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşır. Amma təcrübəli komandir bu sınaqdan da üzüağ çıxır, əsgərlərini xilas edir. 
Əfqan hərbçilərimizlə birlikdə Mubariz Ibrahimovun şəhid oldugu postu azad edib. Suqovuşan istiqamətində düşmənin ağır məğlubiyyətə uğradılmasında, tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilməsində Əfqan Aburəhmanov və tabeçiliyində olan əsgərləri də yaxından iştirak edib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Düşmən Suqovuşanı itirilməsi ilə heç cür barışa bilmir, strateji cəhətdən önəmi olan yaşayış məntəqəsini geri almaq məqsədilə bir neçə dəfə əks-hücuma keçir, lakin ordumuz tərəfindən hücumun qarşısı alınıb, düşmən çoxsayda canlı qüvvə və texnika itirərək geri çəkilməli olub.


2020-ci il oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirib
Həmin gün düşəmənin atdığı mərmilərdən biri ordumuza məxsus tankı partladır. Partlayış dalğası Əfqan Abdurahmanovu kənara atır. Zabitimizin alnı yaxınlıqdakı qayaya dəyir və nəticədə o, şəhadətə qovuşur. Döyüş zabiti, qələbə arzusu ilə yaşayan, həmyerlisi Polad Həşimovun intiqamını alacağına söz verən Əfqan Abdurahmanov qəhrəmancasına həlak olub. 


Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov Qəbələnin Əmirvan kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" və 2020-ci il 29 dekabr tarixli sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu