Modern.az

Zülmə etiraz edən güneyli şair: “Bizim həbs təhlükəmiz hər zaman var”

Zülmə etiraz edən güneyli şair: “Bizim həbs təhlükəmiz hər zaman var”

11 Oktyabr 2021, 17:03

İranda yaşayan və İran zülmünə etiraz edən azərbaycanlılara qarşı təzyiqlər davam edir.

 

Cənubi Azərbaycandan olan şair Çalğın Məhəmməd Modern.az-a İran hakimiyyətinə etiraz edən bəzi ədəbiyyat nümayəndələrinin hətta həbs təhlükəsi ilə üzləşdiyini söyləyib. O bildirib ki, fars rejimi hər zamankı kimi azərbaycanlıların haqqını tanımır:

"Həbs təhlükəsi bizdə hər zaman olur. Bəzən az, bəzən birdən çox adamlar tutulur. 

Hakimiyyətin qanunsuz əməllərinə qarşı ədəbiyyat da mübarizə aparır, şeirlər yazılır. Mübariz şairlər çoxdu. Müstəqim, ya da qeyri-müstəqim yazırlar. Məsələn, mən "İstanbul" şeirimdə son hadisələrə, fars istismarına toxunmuşam. Amma bizim kimilərin sayı azdır. Yazanların kitabları  İranda dərc olunmur. Elə mənim də kitablarıma İranda icazə verilməyib. Şeirlərim xarici radio və digər ədəbiyyat platformalarında səsləndirilir, dərc edilir. İran zülmünə etiraz edən ədəbiyyatçılar hakimiyyət tərəfindən kənarda saxlanılır".


***

İSTANBUL

 

1

Gözlərin nədən qızarmış İSTANBUL

Yenə başının üstündəki buludları kim qurban kəsmiş?

Mən dənizdən qaçmış bir sahiləm

Küləklərinə söylərsən Taksim meydanına bu gün əsməsin

Mənim MƏLTƏM adında xanımla bir görüşüm var

 

2

Gözlərin TƏBRİZdi

Məqbərəsində şairlər sığışmışlar

Ayaqların ALMATIdı

Xəzərdən uzanıb PEKİNə doğru

Və əllərin QARABAĞdı

QARABAĞı yaman qurtardın KİM KARDAŞİYANlardan İSTANBUL

 

3

Fotoqrafın xəyalımdan ətir kimi uçur

GALATA körpüsündən özümü açdım

Qaç!!

Bir cüt qol sənə dırnaq arası açılıb

Vuracaqsansa  vur,   yubatma

Məni öldürəcəksən, özün öldür məni satma

Bu alverçilərin tərəzisi ağılı çəkmir İSTANBUL

 

4

mənim silahla nə işim var?

Mən çiçəkləri sevirəm İSTANBUL

Mənim qəfəslə nə işim var?

Mən azadlığı sevirəm İSTANBUL

Mənim meçidlə nə işim var?

Mən uşaqları sevirəm İSTANBUL

Uşaqları-azadlığı-çiçəkləri

ORTAKÖY meydanına toplayın bu axşam çağı

Bərabər rəqs edəcəyik

Və göstərəcəyik həyatın nə qədər gözəl olduğunu

İSTANBUL kimi

 

5

Mühəndis deyiləm İSTANBUL

Sənə bir yol çəkim

Sən özün yolsan

Mason deyiləm İSTANBUL

Sənə bir qol çəkim

Sən özün qolsan

Tənhalığımdan kölgəmnən danışıram axşam üstləri

Mənə bir yol çək

Mənə bir qol çək

Qurtarım bu fars faşistlərin istismarından

 

6

Sən kimsən İSTANBUL?

Ağırsan dağ kimi

Yüngülsən yapraq kimi

Suçların özündən böyükdür

Məsumsan uşaq kimi

Bu şeirimdən dişarı çıx lütfən

Dişarı çıx ciblərimdən

Paltomdan

Çantamdan

Qələmimdən dişarı çıx lütfən

Nə gözlərinin öyrəncisiyəm

Nə də səsinin məzunu

Sən mənə vəhy olubsan İSTANBUL

Bir axşam üstü

 

7

İllər boyu ürəyimdə oturdun

-kirayə vermədən

İllər boyu gözlərimə soxuldun

-məni görmədən

Gözlərinə söylərsən məni imtahana çəkməsinlər

-təhsili çoxdan buraxmışam

Gör dəliliyimi hara çatdırıbdır gözlərin

Məcnun mənə təmkinli ol söyləyir

Və bu qədər dedi-qududan dolayı

Təkrar səni sevirəm İSTANBUL

Bu sənin suçun deyil

Məni aşiq yaratmışlar

 

8

Gözyaşlarım maviləşib

Göylərə baxıb ağlamaqdan

Gözyaşlarım altınlaşıb

Ulduzlara baxıb ağlamaqdan

 

Buraxın!

Genralları döyüşlərə getsinlər

Məcnunlar  dağlara

Və sizlər...

Sizlər universtetlərə doğru

Mənə bir az kəlimə verin

Bir az şeir

Mən İSTANBULa doğru getmək istəyirəm

İSTANBULa doğru

 

9

Min dördyüz əlli üçüncü ilin mayıs ayının iyirmi doqquzunda

MEHMET FATİH səni ordusuyla fəth etdi

Və beş yüz altmış səkkiz il sonra

Yəni..

İki min yirmi birinci ilin ekim ayının üçüncü günü

MEHMET ÇALĞIN səni şeirlə fəth etdi

Bu iki zəfəri sırğa kimi qulaqlarından as

Və unutma ki ...

Səni yalnız MEHMETlər fəth edə bilir İSTANBUL.

 

"Çalğın Məhəmməd"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir