Modern.az

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir

Aktual

19 Oktyabr 2021, 18:36

 

“Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”.

                                                                                                                       Prezident İlham Əliyev

 

Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin çoxkonfiqurasiyalı olduğunu təsdiqləyir. Belə qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda da Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.

 

Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir.

 

Bu gün Cənubi Qafqaz Azərbaycanın gücü ilə təhlükəli bəladan xilas edilmiş, Vətən müharibəsindəki qələbə sabitlik, sülh, və təhlükəsizlik üçün region xalqlarına büyük fürsət yaratmışdır. Azərbaycan əzəli torpağı olan Qarabağı həmişə olduğu kimi vətəndaşlarımızın ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür. 

 

Qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə də eyni qaydada hörmətlə yanaşılmasını tələb edir: "Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Gorus-Qafan yolunun bir hissəsi ölkəmizin ərazisindən keçir. Yolun bu hissəsindən istifadə edən tərəf, təbii olaraq, Azərbaycandan icazə almalı, bizimlə hesablaşmalıdır. 

 

Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyasının fundamental prinsip və istiqamətlərinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdə mövqeyini tamamilə dəyişdi. İlkin mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi, iqtisadi potensialın ölkənin xarici siyasət mövqelərinin gücləndirilməsinə yönəldilməsi, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edirdi. 

 

Etibarlı tərəfdaşlıq və milli maraqlar əsasında müstəqil siyasət Heydər Əliyev dühasının müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyasına gətirdiyi amillərdir. Yerləşdiyi regionun unikallığı nəzərə alınarsa, Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış müstəqil xarici siyasət həyata keçirir. Bu gün də aparılan xarici siyasət bu prinsiplərə söykənir. İkinci mərhələdə Azərbaycan xarici siyasət kursu ilə bağlı strateji seçim etdi və bu seçimin davamlı, ardıcıl olması Azərbaycanın hazırkı uğurlarının əsas səbəbidir.

 

Şahmar Ədilov

Naftalan şəhər sakini

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!