Modern.az

İrəvan Azərbaycan qazından asılı qalacaq

İrəvan Azərbaycan qazından asılı qalacaq

Aktual

Bu gün, 12:01

Ermənistanın qaz təchizatını şaxələndirmək istəyi Azərbaycanla enerji əməkdaşlığı üçün yeni imkanlar yarada bilər. Bunun reallaşması isə ilk növbədə Bakı ilə İrəvan arasında siyasi münasibətlərin normallaşmasından asılıdır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Ermənistanla Rusiya arasında son dövrlərdə müşahidə olunan gərginlik fonunda enerji məsələsi də zaman-zaman gündəmə gəlir:

“Rusiya tərəfindən Ermənistana qazın güzəştli şərtlərlə verilməsi ilə bağlı müəyyən mesajlar səsləndirilib. Ermənistan hökuməti isə qaz idxalının şaxələndirilməsində maraqlı olduğunu açıq şəkildə bəyan edir. Rusiya qazının Ermənistana nəqlində texniki səbəblərlə yaranan fasilələr də alternativ mənbələr məsələsini aktuallaşdırır”.

A.Badamovun sözlərinə görə, belə fasilələr zamanı Azərbaycan qazının Ermənistana çatdırılmasının praktikada mümkün olması gələcək əməkdaşlıq üçün müəyyən presedent yaradıb:

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəliləməsi fonunda enerji sahəsində əməkdaşlıq üçün yeni imkanların yaranması tamamilə realdır. Ermənistan qaz təchizatını şaxələndirmək istəyirsə, Azərbaycan coğrafi baxımdan ən əlverişli və təbii alternativlərdən biri ola bilər”.

Deputat vurğulayıb ki, söhbət Ermənistanın Rusiyadan enerji asılılığının Azərbaycanla əvəzlənməsindən getmir:

“Əsas məsələ Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz təchizatının müxtəlif mənbələr hesabına şaxələndirilməsidir. Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin açılması gələcəkdə enerji infrastrukturunun inkişafı üçün də yeni imkanlar yarada bilər. TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan infrastrukturun reallaşması regionda nəqliyyat və enerji bağlantılarının genişlənməsinə əlavə imkan verər”.

A.Badamov Azərbaycanın regionda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqda maraqlı olduğunu bildirib:

“Regionda sülh və sabitlik təmin olunarsa, iqtisadi və enerji əməkdaşlığı üçün geniş imkanlar açılacaq. Ona görə də Ermənistanın gələcəkdə Azərbaycan qazından istifadə etməsi, mənim fikrimcə, kifayət qədər real ssenaridir. Bunun reallaşması siyasi münasibətlərin normallaşmasından, kommunikasiyaların açılmasından və qarşılıqlı etimadın formalaşmasından asılı olacaq. Sülh yalnız siyasi münasibətləri deyil, regionun enerji xəritəsini və iqtisadi əlaqələrini də dəyişə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?