Modern.az

“YAP icazə versə, təkrar seçkilərə qatılacam” - SABİQ DEPUTAT

“YAP icazə versə, təkrar seçkilərə qatılacam” - SABİQ DEPUTAT

Ölkə

13 Dekabr 2021, 10:30

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yaxın vaxtlarda parlamentin boş qalan yerlərinə seçkilər keçiriləcəyini açıqlayıb.

 

2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra nəticələri ləğv edilən dairələrdən biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsi idi. Bu dairənin ən çox səs toplayan namizədi Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə olub.

 

Bununla bağlı Modern.az-a danışan sabiq deputat yenidən seçkilərə qatılıb-qatılmayacağı haqqında suala da aydınlıq gətirib:

 

“Parlamentin boş yerlərinə seçkilər çoxdan keçirilməli idi. Lakin əvvəl pandemiya, sonra isə Vətən müharibəsi və post-müharibə dövründəki gərginliklər bu seçkilərin keçirilməsinə imkan vermədi. Yaxın vaxtlarda seçkilərin keçiriləcəyi ilə bağlı açıqlama verilib. Bu baş tutacaq. Namizədlərin çox olacağını təxmin edirəm, çünki 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə uğur qazanmayan çoxsaylı namizədlər var idi. Onlar təkrar seçkilərə qatılmaq istəyəcəklər.

 

10 il Milli Məclisdə təmsil etdiyim 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri ləğv edildiyindən, bura təkrar seçkilər keçiriləcək.

 

Vətən Müharibəsindəki qələbəmizdən sonra cənab Prezidentimizin qüdrətli siyasətçi, milli təəssübkeş, professional diplomat rolunda çıxışı və Ordumuzun da gücü ilə qələbənin təmin edilməsindən sonra mən ölkə başçısına məktubla müraciət edərək, Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulmaq niyyətimi ifadə etmişdim. Bu istəyim müsbət qarşılandı və mən artıq bir ildir YAP üzvüyəm. Ona görə, partiya mənsubiyyətinin tələblərinə uyğun olaraq, razılaşdırılmış şəkildə seçkilərdə iştirak edə bilərəm. Yeni Azərbaycan Partiyası məni yenidən parlamentdə görmək, namizədliyimi irəli sürmək istəyəcəksə, seçkilərə qatılacağam. Partiya bunu məqsədə uyğun hesab etməzsə, ictimai-siyasi fəaliyyətimi davam etdirib, prezidentimizin siyasətini dəstəkləyəcəyəm və dövlətimə xalqıma xidmət edəcəyəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi