Modern.az

Deputat seçicilərin problemlərini dinləyib - FOTOLAR

Deputat seçicilərin problemlərini dinləyib - FOTOLAR

3 Mart 2013, 12:06

Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli yenidən seçiciləri ilə görüşüb. Modern.az-ın məlumatına görə, görüşün müzakirə mövzusu  rayonda məşğulluq probleminə həsr olunub. Toplantıda iştirak edən kənd bələdiyyə sədrləri, icra nümayəndələri, mətbuat işçiləri, dövlət məşğulluq xidmətinin əməkdaşları, işə götürənlər və iş axtaranlar, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində son illər Lənkəranda yüzlərlə əmək tutumlu iş yerlərinin yaradılması barədə məlumat veriblər.

Bununla yanaşı o da qeyd olunub ki, Lənkəran üçün xarakterik məsələlərdən biri olan əmək ehtiyatlarının çoxluğu məsələnin tamamilə həllinə imkan vermir.  Çıxış edənlərdən fermer Allahverdi Həbibov, rayon məşqulluq xidmətinin əməkdaşı Validə Əsədova, “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov, iş axtaran Cavid Quliyev, məsələnin müsbət həlli ilə bağlı rayonda bu baxımdan real imkanların mövcudluğunu xüsusilə vurğulayıblar. Qeyd olunub ki, bəzən bu bölgə üçün xarakterik olmayan peşələrə malik olan diplomlu gənclər gözləmə mövqeyi tutaraq işləmirlər və ya ixtisaslarını dəyişmirlər. Digər problem isə gənclərin ilk iş yerində yüksək əmək haqqı istəməsi olur.

İclas iştirakçıları kəndlərdə bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarında və öz həyətyanı torpaqlarında satış üçün kənd təsərrüfatı məhsullarının becərilməsinə, habelə öz ailələri üçün ərzaq məhsullarının şəxsi təsərrüfatdan götürülməsinə də diqqəti cəlb ediblər.

Müzakirələrdə bir məsələyədə irad bildirilib. Belə ki, Lənkəran şəhərində iş yerlərinin daha çox olması ilə bağlı kəndlərdən işə gələnlərin geri dönməsi bəzən problemə çevrilir. Avtobus marşrutları axşam 6-dan sonra rayonun kəndlərinə işləmirlər. Qaldırılan bütün məsələlər konstruktiv müzakirə olunub. Bəzi problemlər yerindəcə öz həllini tapıb. Fikir mübadiləsi nəticəsində on iki nəfər gənc ayrı-ayrı müəssisələrdə işlə təmin olunmaq üçün göndəriş aldı.

Təklif olunub ki, yerli kütləvi informasiya vasitələrində, qeyri-populyar ixtisasların təbliğinə, boş iş yerləri haqqında elanlara, peşə seçilməsinin spesifikasına uyğun xüsusi yer ayrılsın.

Görüş iştirakçıları eyni zamanda ölkədə iş yerlərinin yaradılması, peşə məktəblərinin geniş şəbəkəsinin bərpa olunması, gənclər üçün ixtisas dəyişmə  istiqamətində prezidentin apardığı ardıcıl işləri xüsusi vurğulayıblar.

Sonda debatlarda iştirak edənlər, ölkə prezidentliyinə yeganə namizəd kimi prezident İlham Əliyevi gördüklərini bir daha qeyd edərək, seçkilərdə ancaq ona səs verəcəklərini bildiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.


Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər