Modern.az

Hansı redaksiya oruc tutan əməkdaşlarına güzəştlər edir? (sorğu)

Hansı redaksiya oruc tutan əməkdaşlarına güzəştlər edir? (sorğu)

19 Avqust 2010, 16:34


Ramazan ayının 9-cu günü gedir. Oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər.   
Tibb də elmi orucluğu insan sağlamlığının qorunmasında gözəl vasitə sayır. Belə ki, bir ay pəhriz rejiminə əməl edən insan orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur.

Azərbaycanda da oruc tutanlar çoxdur və onların arasında jurnalistlər də var. Modern.az  saytı redakisiyalarla əlaqə saxlayaraq oruc tutan jurnalistlərə iş prosesində hansısa güzəştin olunub-olunmadığını öyrənməyə çalışıb. 

“Zaman-Azərbaycan” qəzetinin redaksiyasında əməkdaşların əksəriyyəti oruc tutur. Redaksiyadan bildirdilər ki, yayın istilərini nəzərə alıb oruc tutanlara müəyyən güzəştlər edirlər: “Məsələn, isti vaxtı tədbir olanda biz oruc tutmayan əməkdaşımızı göndəririk. Həmçinin oruc tutan əməkdaşımız əgər işini qurtarıbsa, amma iş vaxtı qurtarmayıbsa, biz onun evə getməsinə icazə veririk”.

“Üç nöqtə” qəzetinin əməkdaşları: “Bizim redaksiyada 5 nəfər oruc tutur. Nə xüsusi güzəşt var, nə də xüsusi şərait. Sadəcə, əməkdaşlar öz aralarında bir-birlərini nəzərə alırlar. Bəzən tədbirə dəvət göndəriləndə oruc tutmayanlar oruc tutanların əvəzinə tədbirə gedirlər”.

“Kaspi” qəzetində bir nəfər oruc tutur. O da İlham Quliyevdir. İ.Quliyevin özü bu haqda belə dedi: “Xüsusi güzəştlər mən istəsəm olar, amma buna ehtiyac duymuram. Nəzərə alanda ki, havalar çox istidir, gərək güzəştlər ola”.

“Həftə-içi” qəzetinin redaksiyasından: “Əməkdaşlarımızdan Sevinc Osmanova, Naibə Qurbanova, Ramilə Qurbanova, dizaynerimiz İsmayıl və baş redaktorumuz Sevinc Seyidova oruc tutur. İş prosesi əvvəlki qaydada gedir. Sadəcə olaraq istilərlə bağlı bir az işimizi zəiflətmişik”.

“Yeni Müsavat” qəzetinin redaksiyasından: “Bizdə Rauf Arifoğlu, Zahid Səfəroğlu və daha 4-5 əməkdaş oruc tutur. Oruc tutanlara o dərəcədə də güzəştlər olmur, amma çalışırıq işdən bir az tez buraxaq. Özləri istəmirlər onlara gözəştlər olunsun”.

“Mərkəz” qəzetinin redaksiyasından: “Redaksiyamızda dizaynerimiz Sakit, müxbirimiz Vəfa Babayeva və korrektorumuz Məsudə xanım oruc tutur. Onların heç güzəştə ehtiyacları duyulmur. Elə həmişəki kimi aktivdirlər”.

“Ekspress” qəzetinin redaksiyasından: “Redaksiyamızda 7 nəfər - Elçin Alıoğlu, Qalib İbrahimoğlu, Aqil Aslan, Könül Abbasova, Aygün Akifqızı, Aqil Camal və Xalidə Hüseynova oruc tutur. İş prosesində oruc tutanlara güzəştlər olunmur. İş rejimi elə əvvəlki formada davam edir”.

“Azərbaycan” qəzetinin redaksiyasından: “Redaksiyada indi 3 nəfər oruc tutur. Bunlar Zümrüd Ağaverdiyeva, Qəşəm Nəcəfzadə və texniki işçimiz Püstə Ağayevadır. Onlar əvvəlki qaydada işləyirlər”.

“Mediaforum.az” saytının redaksiyasından: “Bizdə iki nəfər oruc tutur. Biri İsmayıl İsmayılovdur, o biri isə Aynur İmanova. İşdə isə heç bir güzəştlər olmur. İş prosesi əvvəlki qaydada gedir”.

“Zerkalo” qəzetinin redaksiyasından: “Üç nəfər oruc tutur. Azər Rəşidoğlu, Samir, Zaur. İşdə onlara heç bir güzəşt olmur”

APA-nın redaksiyasından: “Bizim redaksiyanın demək olar ki, 60 faizi oruc tutur. İş prosesində heç bir güzəştlər olmur. İş rejimi əvvəlki qaydadır. Heç bir hadisə APA-nın iş sistemini poza bilməz.”

“Yeni Azərbaycan” redaksiyasından: “Bizim redaksiyada 4 nəfər oruc tutur. İş prosesi adi qaydada davam edir”.

“525-ci qəzet”in redaksiyasından: “Bir nəfər tutur, o da Rufik İsmayılovdur. İşdə ona hər hansı güzəşt yoxdu”.

Vüqar Ağamalıoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?