Modern.az

“Müxalifətin bütün öncül namizədləri ilə eyni dairədən mübarizəyə hazıram”

“Müxalifətin bütün öncül namizədləri ilə eyni dairədən mübarizəyə hazıram”

Parlament

30 Avqust 2010, 15:40

“Növbəti dəfə seçkilərdə iştirak edəcəyəmsə, müxalifətin ən önəmli lider saydığı istənilən şəxslə bir dairədən yarışmağa, seçki mübarizəsi aparmağa hazıram”.
Bu sözləri Modern.az saytına Ana Vətən Partiyasından (AVP) olan millət vəkili Zahid Oruc deyib.
Qeyd edək ki, AVP-çi millət vəkili ikinci və üçüncü çağırış parlament seçkilərinə 93 saylı Bərdə seçki dairəsindən qatılıb. Millət vəkilinin sözlərinə görə, o, ümumiyyətlə, müxalifətin üzdə olan liderləri ilə müxtəlif debatlarda, diskussiyalarda olarkən hər zaman həmin şəxsləri ən yüksək səviyyəli, son dərəcə açıq, obyektiv və demokratik mübarizəyə çağırıb: “Əlbəttə, onların tənqid etmək, siyasi vuruş imkanlarını özlərində saxlamaq hüquqları var və onlar da, belə demək mümkünsə, bu hüquqları hər zaman qoruyub saxlayırlar. O baxımdan ki, bizi də hakimiyyət təmsilçisi sayaraq hər bir problemin cavabdehliyini sormaq mənasında, yəni, özləri üçün mübarizəni belə götürə bilərlər. Lakin düşünürəm ki, o şəxslərin hər birinin indiyə qədərki keçdikləri yol, formalaşdırdıqları prinsiplər, partiya quruculuğundakı aldıqları yer, mediadakı münasibətlər sistemi bizə imkan verir ki, onlarla bərabərhüquqlu və hətta daha yüksək əsaslı mübarizəni aparmış olaq. Düzdür, keçən dəfə də onlar bu çağırışlarımızı dərhal hansısa amillərlə bağladılar, bir debatın sirri kimi xeyli xülasələr etdilər, sosial şəbəkələrdə üzərimizə qeyri-insani tezislərlə, necə deyərlər, qeyri-demokratik mübarizə əxlaqı ilə gəlməyə başladılar, heç minimal tolerantlıq göstərmədilər, amma bunun əvəzində özləri hər kəsi, belə deyərdim ki, debata, siyasi duelə çağırdılar və indi də çağırmaqdadırlar. Bu baxımdan, mən bir daha müxalifətin öncül saydığı kimlər varsa, onların adlarını çəkmədən, eyni dairədən siyasi mübarizəyə hazırlığımı bəyan edirəm. O da var ki, indiki gerçəklikdə belə düşünərlər ki, Bakı paytaxt miqyasında daha çox siyasi mübarizə yeridirdir, elə şəxsən özüm də paytaxt mübarizəsinə hazıram. Bununla belə, eyni zamanda düşünürəm ki, iqtidarın özünün də kifayət qədər digər güclü namizədləri var ki, onların müəyyənləşdirdiyi arenada müxalif cinahın təmsilçiləri ilə rəqib olacaqlar”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?