“Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur. Bizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət, sərbəst toplaşma və din azadlığı. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir”. Modern.az saytı xəbər verir ki, bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, iqtisadi müstəqillik olmadan ölkəmiz siyasi müstəqilliyə nail ola bilməzdi: “Əgər biz başqa ölkələrdən asılı olsaydıq və iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət həyata keçirmək üçün imkanlarımız çox məhdud olardı. Bu səbəbdən də biz Azərbaycanın inkişafına böyük sərmayə yatırdıq. Biz Ermənistanla atəşkəs dövründən ölkəni inkişaf etdirmək üçün istifadə etdik və düşünürəm ki, çox yaxşı nəticələr əldə etdik. Hazırda Azərbaycan müasir, inkişaf edən, iqtisadi cəhətdən müstəqil, iqtisadiyyatı şaxələndirilmiş, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə rəhbərlik edən və dünyada çox yaxşı nüfuza malik bir ölkədir.
BMT-nin üzvü olan 155 ölkə bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Bu, bizim etdiklərimizə verilən beynəlxalq dəstək və qiymətləndirmədir. Son 10-12 ildə əsasən neft hasilatının artması hesabına, - lakin təkcə buna görə yox, - iqtisadiyyatımız sürətlə inkişaf etdi. 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb. Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır. Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir.
Əlbəttə ki, enerji sektorunun inkişafı və enerji amili bizim üçün, həm də təkcə bizim üçün deyil, digər ölkələr üçün də vacibdir. 1994-cü ildən Azərbaycan nəhəng enerji layihələri - ilk növbədə Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərlərinin tikintisini həyata keçirir. Hazırda bəzi Avropa ölkələri enerji balanslarındakı neftin təxminən 30 faizini Azərbaycandan alırlar. 2012-ci ildən biz qonşu ölkələrə və Avropaya qaz kəmərinin tikintisi layihəsini həyata keçiririk. Artıq bizim Gürcüstan, Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrə qaz ixrac etməyə imkan verən bir neçə kəmərimiz var. Biz hər dörd istiqamətdə təbii qaz ixrac edirik. Hazırda biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Bu, 2012-ci ildə Azərbaycan və Türkiyənin Trans-Anadolu kəmərinin tikintisinə dair Sazişin imzalanması ilə başladı. O vaxtdan bir çox başqa layihələrə, o cümlədən cənab vitse-kanslerin qeyd etdiyi layihəyə start verilib. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Trans-Adriatik kəmərinin tikintisinə bu ilin mayında başlanılıb. “Cənub Qaz Dəhlizi” layihəsi dörd layihədən ibarətdir - dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz”dən qazın hasil olunması, Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən kəmərin tikintisi, sonra Türkiyənin şərq sərhədindən qərb sərhədinə kəmər - bu, TANAP adlanır və Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya kəmər - bu, TAP – Trans-Adriatik kəmər adlanır”.
President qeyd edib ki, bütün bu layihələr tərəfdaşlarla razılaşdırılmış şəkildə həyata keçirilir: “Bu layihələrdə yeddi ölkə iştirak edir, onlardan üçü Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası bizim təşəbbüslərə güclü dəstək verir. Ötən il və bu il biz Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarını keçirmişik. Orada Azərbaycanın aparıcı rolu yüksək qiymətləndirilib. Planlarımıza əsasən Azərbaycan və Türkiyəni birləşdirən kəmər iki ilə istismara veriləcək və 2020-ci ilədək Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarlarına çıxarılacaq. Bizim üçün bu, təchizat marşrutlarını şaxələndirmək imkanıdır. Tranzit ölkələr üçün bu, pul qazanmaq və tikintiyə və sonra layihənin texniki təminatına minlərlə insanı cəlb etmək imkanıdır, istehlakçılar üçün isə alternativ enerji mənbəyidir. Layihəmizin üstünlüyü ondadır ki, bu, təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Bu, daha vacibdir.
Bizim böyük qaz ehtiyatlarımız var. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq. Lakin enerji amili bizim üçün artıq prioritet deyil. Biz iqtisadiyyatı şaxələndirməklə əsas diqqəti qeyri-enerji sektoruna cəmləşdirmişik. Bu gün enerji amili ümumi daxili məhsulda cəmi 30 faizdən bir qədər artıq, gəlirlərimizdə yarıdan aşağıdır. Lakin bir nömrəli məsələ ixrac potensialımızın şaxələndirilməsidir və biz şəffaflıq, düzgün idarəetmə, ixracın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm iqtisadi islahatların həyata keçirilməsini davam etdirmək üçün beynəlxalq maliyyə institutları ilə sıx şəkildə işləyirik.
1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, bunun yarısı xarici investisiyalardır. Bizim hazırda prioritet hesab etdiyimiz sahələr arasında kənd təsərrüfatı birinci yerdədir. Çünki əhalinin demək olar ki, yarısı kənd yerlərində yaşayır və bunun üçün yaxşı iqlim şəraiti mövcuddur. Yüksək texnologiyalar - İKT sektoru kifayət qədər inkişaf edib. Azərbaycan kosmik sənayesi olan ölkəyə çevrilib, iki peyki orbitə buraxıb və bu proses davam etdiriləcək”.
Modern.az