Modern.az

Zorlama cinayətləri, statistika...

Zorlama cinayətləri, statistika...

Ölkə

28 Yanvar 2011, 13:36

Mətbuat da tez-tez ölkənin hansısa bölgəsində baş verən rəzil hadisələr - zorlama və ya zorlamaya cəhd barədə xəbərlər yayır. Mənəvi, əxlaqi dəyərlərini itirən mənən pozğunlaşan üzdəniraqlar tərəfindən törədilən bu cür rəzil hadisələrin statistikası ilə bağlı fərqli məlumatlar səsləndirilir. Modern.az xəbər verir ki, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Statistika Komitəsinin məlumatlarında zorlama, seksual xarakterli cinayətlərin azaldığı bildirlir. Qeyri-rəsmi mənbələr isə əksinə, belə cinayətlərin artdığını iddia edirlər.

Media son dövrlər zorlama, seksual xarakterli cinayətlərlə bağlı tez-tez məlumatlar yayır. Yazılı və elektron KİV-lərin yaydığı bu xəbərlərdən məlum olur ki, son illər Azərbaycanda zorlanmaya məruz qalanlar, seksual xarakterli cinayətlərin qurbanı olanlar təkcə qadınlar deyil, həm də uşaqlardır (azyaşlı qızlar və oğlanlar). Elə mətbuatın məlumatlarından məlum olur ki, bir sıra hallarda belə rəzil hadisələri törədən üzdəniraqlar məsuliyyətdən kənarda qalırlar. Necə deyərlər, arxalı köpək məsələsi... 

Dövlət Statistika Komitəsinin məlumatına görə, respublikamızda əsas cinayət növləri üzrə qeydə alınmış cinayətlərin statistikasında zorlama və zorlamaya edilən cəhdlərin sayı belədir:

1995-ci il -  70 hadisə;
2000-ci il – 46 hadisə;
2005-ci il – 44 hadisə;
2008-ci il – 25 hadisə.
2009-cu il – 35 hadisə

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2010-cu ildə törədilən cinayətlərin ümumi sayında zorlamalar 2,2 dəfə azalıb.

Rəsmi statistikadan aydın olur ki, zorlama və zorlamaya cəhd edənlər arasında belə cinayətlərə təkrarən əl atanlar var. Məsələn, 1995-ci ildə baş vermiş 70 cinayəti 59 nəfər törədib. 2000-ci ildə 46 cinayət hadisəsini 39 nəfər edib, 2008-ci ildə isə 25 zorlama və zorlamaya cəhdə 19 nəfər əl atıb. 2009-cu ildə 29 nəfər zorlama və zorlamaya cəhddə ittiham olunub. Deməli, cinayətkarlardan bəziləri zorlama və zorlamaya cəhdə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cəza müddətindən qorxub çəkinməyərək, öz çirkin əməllərini təkrar həyata keçiriblər.

Yuxarıda göstərilən rəqəmlər rəsmi statistikada əksini tapanlardır.  Heç kimə sirr deyil ki, bir çox hallarda rəsmi statistika gerçəkliyi əks etdirmir. Həm də mentalitetə yad olan belə cinayət hadisələrindən söhbət gedirsə. Etiraf etmək lazımdır ki, Azərbaycanda zorlanma, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri bir sıra hallarda el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət eləməkdən ehtiyatlanırlar.
Nəticədə kişilik hissinə hakim kəsilə bilməyən hansısa nakişinin təcavüz etdiyi bəzi qadınlar, qızlar, azyaşlı uşaqlar illər boyu daxili iztirab girdabında çabalayırlar. Təəsüf ki, Azərbaycan mətbuatı mütəmadi olaraq uzun illlər boyu  gizlədilən belə çirkin hadisələrin gecikmiş, gizlədilmiş tarixçələri barədə məlumat verir və verməkdədir.

Hətta kriminal aləmin özü də zorlama, seksual xarakterli cinayətlərin əleyhinədir. Cinayət aləminin yazılmamış qanunlarına görə, zorlamaya görə cəzaçəkmə müəssisəsinə düşən şəxslərin özünün başına digər məhbuslar həmin oyunu açırlar ki, onlara etdikləri səhv görk olsun.

Yeri gəlmişkən, belə cinayətləri törədənlərlə bağlı cəzaların sərtləşdirilməsi təklifləri var. Millət vəkili Qüdrət Həsənquliyev cəzanın yuxarı həddinin 20 ilədək artırılması, eyni zamanda belə cinayətlər törədən şəxslərin cərrahi yolla axtalanması təklifi ilə Milli Məclisdə müraciət edib.
Ondan öncə hüquqşünas Mətləb Mütəllimli də insanlığa, mentalitetə yad olan belə cinayət hadisələrinin baş verməməsi üçün tətbiq olunan cəzaların sərtləşdirilməsi, qanunvericilikdə dəyişiklik edilməsi üçün Milli Məclisə məktub göndərmişdi. M.Mütəllimli cinayətkar şəxslərə qarşı onları kişilikdən salan kimyəvi iynələr tətbiq elilməsini və yaxud öz seçimlərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilməsi kimi daha ağır cəzalar tətbiq olunmasını təklif edib.

Həmin təkliflər hələki baxılmamış qalır...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?