Sumqayıt şəhərinin 60 illik yubileyi ilə bağlı əsas tədbirlər – “Şəhər günü” tədbirləri noyabr ayının 18-də keçiriləcək. Həmin gün şəhərin müxtəlif yerlərində kütləvi tədbirlər təşkil ediləcək.
Modern.az xəbər verir ki, günün əvvəlində saat 11.00-da Heydər Əliyevin abidəsi ziyarət ediləcək, 12.00-da Heydər Parkında şəhər gəzintisi təşkil ediləcək, burada 80 müəssisənin iştirakı ilə geniş sərgiyə baxış keçiriləcək. Günün əsas rəsmi mərasimi saat 16.00-da S.Vurğun adına Mədəniyyət Sarayında təşkil ediləcək. Burada şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin və qonaqların iştirakı ilə təntənəli iclas keçiriləcək. Günün sonunda saat 17.00-da isə S.Vurğun adına mədəniyyət sarayının qarşısındakı meydanda incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq. “Şəhər günü” tədbirlərinə atəşfəşanlıqla yekun vurulacaq.
Bütün bunlarla yanaşı, gün ərzində şəhərin ayrı-ayrı hissələrində – 3-cü mikrorayon ərazisindəki fəvvarələr meydanında, Göyərçin meydanında, “Lüdviqshafen” parkında və “Qarabağ” kinoteatrının qarşısındakı parkda kütləvi tədbirlər təşkil ediləcək, Sumqayıt bütövlükdə bayram ovqatına bürünəcək.