Modern.az

“Jalə” içkiləri barədə ekspertlər rəy verdilər...

“Jalə” içkiləri barədə ekspertlər rəy verdilər...

Ölkə

23 Avqust 2011, 09:03

Ölkəmizdə müxtəlif sahələr üzrə bir sıra iri şirkətlər fəaliyyət göstərir. Bu sırada yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də var. Onların xidmətlərindən, istehsal etdikləri məhsullardan Azərbaycan əhalisi bu və ya digər dərəcədə yararlanır. Ümumiyyətlə, onların istehsal etdiyi məhsullar, xidmətlər necədir, keyfiyyət hansı səviyyədədir?  

Zöhrab İsmayıl: “Keyfiyyətinə inanmıram...”

Modern.az bir müddət öncə “Azersun Holdinq”in istehsal etdiyi məhsulların keyfiyyəti barədə ekspertlərin rəyini vermişdi. Həmin vaxt ekspertlər bu şirkətin malları barədə birmənalı rəy söyləməmişdilər, xüsusən “Azersun”un yağları və çaylarının insan orqanizmi üçün zərərli maddələrlə zəngin olduğu qeyd edilmişdi.

Bu dəfə isə “Gilan Holdinq”ə məxsus Qəbələ Konserv Zavodunda istehsal edilən “Jalə” içkilərinin keyfiyyəti, insan orqanizminə təsiri barədə ekspertlərdən rəy öyrənməyə çalışdıq. Hazırda bu zavodda meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, eləcə də yarımfabrikat olan konsentrat və pürelər buraxılır. Məhsullar «JALƏ», «BAĞDAN», «AYCAN» adı altında alıçılara təqdim olunur.

“Gilan Holdinq”in Bakıda belə məhsllar istehsal edən daha bir zavodu var. Bakə Jalə Suları Zavodu adlanan müəssisədə “Jalə” ticarət markası adı altında portağal, alma, tropik kokteyl meyvə suları istehsal edilir.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, şəxsən o,  ümumiyyətlə “Jalə” markası altında olan heç bir məhsuldan istifadə etmir. Ekspert bunu belə əsaslandırıb:

“Hər hansı markanın keyfiyyətinə təminat olmalıdır. Fikirləşirsən ki, bu tanınmış, özünü təsdiq etmiş markadır və bu məhsuldan istifadə etmək olar. Ancaq “Jalə” ilə bağlı belə deyil. Xüsusən bəzi dükanlarda görürsən ki, orada ancaq “Jalə”nin məhsulları satılır. Soruşanda “niyə başqa içkilər yoxdur?”, deyirlər ki, “bizdən tələb edirlər ki, başqa məhsullar satmayaq”. O zaman mənim bu cür məhsullara etibarım azalır”.

Z.İsmayılov inhisarlaşma yolu ilə bazara yeridilən məhsullara avtomatik olaraq etibarın azaldığını vurğulayıb. O qeyd edib ki, əgər həmin məhsul yaxşıdırsa, o zaman öz reklamı və keyfiyyəti ilə bazara daxil olmalıdır, nəinki pərdəarxası başqa üsullarla...

“Şəxsən buna görə məndə həmin markaya etibar formalaşmayıb. Bir sözlə, “Jalə” işçilərinin keyfiyyətinə inanmıram”.

Eyyub Hüseynov: “Bu içkiyə verilən İSO 9212008 beynəlxalq standartı yalançı standartdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Jalə” şirələrində ciddi məsələnin reklam kampaniyalarının istehlakçını aldatmasında göründüyünü söyləyib.

“Damla-damla yığılan ekzotik meyvələr, bananlar, onlar Azərbaycanda hardandır? Bunların heç də hamısı damla-damla yığılan təzə meyvələrdən əmələ gəlmir. Bu içkilər xarici ölkələrdən alınıb gətirilən meyvə pürelərindən hazırlanır”.

E.Hüseynov bazara daxil olmuş “Jalə” suyunun da keyfiyyətsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, təbii, qazsız bulaq suyu kimi qeyd olunan bu içkiyə verilən İSO 9212008 beynəlxalq standartı yalançı standartdır:

“Belə bir standart ona verilməyib. Bu sadəcə istehlakçını aldatmaq üçün bir jestdir. Mən Modern.az saytı ilə “Jalə” şirəsinin istehsalçılarına və onun arxasında duran adamlara üzümü tutub deyirəm ki, istehlakçıları aldatmaq jestindən əl çəksinlər, normal şirə buraxsınlar, normal reklam kampaniyası aparsınlar”.

Bütün bunlara baxmayaraq, E.Hüseynov “Jalə” içkilərinin tərkibi ilə bağlı onlara heç bir şikayətin daxil olmadını bildirib.

““Jalə” şirələrinin heç də hamısı natural şirələr deyil. Bir hissəsi Azərbaycandan yığılan meyvələrdən, qalanı isə meyvə pürelərindən hazırlanır. İstehlakçıların özləri də bunu test edib yoxlaya bilərlər. Stəkana təzə çəkilmiş alma şirəsi ilə, təzə hazırlanmış “Jalə” şirəsini töksünlər. Bir neçə gündən sonra çəkilmiş alma şirəsi qıcqıracaq, amma “Jalə” şirəsi yox. Demək “Jalə”nin tərkibində çoxlu kimyəvi maddələr var”.

Eyyub Hüseynov da şəxsən özünün “Jalə” markalı şirələrdən istifadə etmədiyini vurğulayıb.

O, eyni zamanda yaxınlarda bazara “Jalə” dondurmalarının çıxacağını gözlədiyini deyib. E.Hüseynov son zamanlar dondurma sexlərinin bağlanmasında bunun rolunu gördüyünü bildirib:

“Hələki bazarda yoxdur, amma tezliklə “Jalə” dondurmalarının istehsalını gözləyirəm. Çünki bazardakı hərc-mərclik bunu sübut edir”.

İmran Abdullayev: “Ailə üzvlərimlə “Jalə” içkisindən istifadə edirik”

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev isə “Jalə” içkilərinin insan orqanizmi üçün ziyanlı olmadığını bildirib. Onun sözlərinə görə “Jalə”nin adı sadəcə onu digərlərindən fərqləndirir, tərkibi isə digər içkilərdə olduğu kimidir:

““Jalə” şirələri və ya içkilərinin insan orqanizmi üçün zərəri yoxdur. O düzgün texnologiya ilə istehsal olunursa, reseptura ilə düzgün təmin olunursa, bunun heç bir zərəri ola bilməz. Əlbəttə ki, onun müəyyən təhlükəzilik göstəriciləri var ki, o göstəricilərə və tələblərə cavab verməlidir. Ora bakteroloji, kimyəvi göstəricilər və s. daxildir. Onlar bu göstəricilərə, bu tələblərə cavab verdiyi təqdirdə heç bir təhlükəsindən söhbət gedə bilməz”.

Şirələrin təhlükəsizlik göstəriciləri ilə bağlı monitorinqlər apardıqlarını deyən İ.Abdullayev heç bir narahatedici faktların aşkarlanmadığını vurğulayıb. O, “Jalə”  içkiləri barədə hələki onlara şikayətin daxil olmadığını qeyd edib.

İmran Abdullayev özü də ailəlikcə “Jalə” istehsalı olan içkilərdən istifadə edir. Ancaq o bildirib ki, lazım gələndə digər içkilərdən də istifadə edir:
“İçki hər kəsin öz tələbinə və şəxsi fikrinə görə istifadə olunur. Əlbəttə, lazım olanda mən, o cümlədən ailə üzvlərimlə də “Jalə” içkisindən istifadə edirik. Amma lazım gələndə digər içkiləri də içirik, fərq etməz. Ümumiyyətlə, “Jalə” içkilərinin istehsalı müasir texnologiya ilə təmin olunduğundan onun keyfiyyəti ilə bağlı elə bir problemlə rastlaşmamışıq”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı