Modern.az

Ramazan ikitirəliyi

Ramazan ikitirəliyi

Ölkə

5 Sentyabr 2011, 12:11

İllərdir davam edən bu problemə son qoymağın vaxtı çatıb

Hər il Azərbaycanda Ramazan bayramının vaxtı ilə bağlı fikir ayrılıqları yaşanır. Bu il də bayramın vaxtı ilə bağlı yanaşmalarda eyni vəziyyətlə üzləşdik. Bəzi məscidlərdə bayram namazı avqustun 30-da, bəzilərində isə 31-də qılındı. Bunun səbəbləri müxtəlif cür izah olundu. Əsas fikir ayrılığı Ayın gözlə görünməsi və ya rəsədxanadan görünməsi ilə bağlı idi. Bayramı avqustun 30-da keçirənlər hesab edirlər ki, Ramazan ayının başa çatmasını Şamaxı rəsədxanasının açıqladığı məlumata əsasən müəyyənləşdirmək lazımdır. Rəsədxana isə hələ avqustun 27-də açıqladığı məlumatda yeni Ayın avqustun 28-də saat 8-də görünəcəyini bildirmişdi. Açıqlamada o da bildirilmişdi ki, ola bilsin ki, ayın 29-da Ayı adi gözlə görmək mümkün olmasın. Buna görə də avqustun 29-u bayram axşamı elan olunmuş, bayram namazının isə avqusutun 30-da elan olunması məsləhət bilinmişdi. Oruc tutanların da bəziləri məhz bu açıqlamaya əsaslanaraq avqustun 30-da məscidlərə axışaraq bayram namazını qılmışdılar.

Oruc tutanların bəziləri isə Şamaxı rəsədxanasının açıqladığı məlumatlara inanmayaraq Ayı öz gözləri ilə gördükdən sonra bayram namazını qılmağa üstünlük vermişdilər. Nəticədə ikitirəlik yaranmışdı. Vəziyyəti mürəkkəbləşdirənsə Qafqaz Müsəlmanları İdarəsinin tutduğu mövqe oldu. İdarə Ramazan ayı boyu susqunluğunu qoruyaraq yalnız avqustun 30-da bayram namazının avqustun 31-də qılınacağını açıqladı. Özü də bununla bağlı ictimaiyyətə avqustun 30-da bəzi məscidlərdə bayram namazı qılınandan sonra açıqlama verildi.

Əslində bayramın bir gün tez, bir gün gec qeyd olunması ciddi problem hesab olunmamalıdır. Burada problem olan ölkə üzrə vahid əlaqələndirmənin olmamağıdır. Neçə illərdir bu məsələdə ortaq məxrəcə gəlmək alınmır.

Dünya ölkələrinin Ramazan bayramını müxtəlif vaxtlarda qeyd etmələri artıq adi hala çevrilib. Türkiyədə, ərəb ölkələrində Ramazan bayramı həmişə İrandan 1 gün qabaq qeyd olunur. Amma Azərbaycan bəlkə də yeganə islam ölkəsidir ki, burada oruc tutanlar bayramı ayrı-ayrı günlərdə keçirirlər. Buna bir əncam çəkməyin vaxtı çatmayıbmı? Amma bu işi görməli olanlar əməli addım atmağa tələsmirlər.

Azərbaycan dindarlarının ikitirəliklə bağlı üzləşdikləri çətinlik təkcə bununla bitmir. Uzun illərdir namazların vaxtı ilə bağlı pərakəndəlik hökm sürür. Müxtəlif məscidlərlə azanlar müxtəlif vaxtlarda verilir. Vəziyyətdən çıxış yolu tapmaq üçün bir müddətdir Qafqaz Müsəlmanları İdarəsi özünün rəsmi saytında Şamaxı rəsədxanasının məlumatlarına əsaslanan namaz vaxtlarını qeyd edib. Ekspertlər də hesab edirlər ki, bu kimi mübahisələr müxtəlif ölkələrin ənənələrinə əsasən deyil, məhz elmi əsaslara söykənən rəsədxana məlumatlana istinadən həll edilməlidir. Əgər belədirsə, onda Qafqaz Müsəlmanları İdarəsi bayram namazının rəsədxana məlumatlarına əsaslanaraq avqustun 31-də deyil, 30-da qılınmasını tövsiyə etməli idi. Amma idarə elmi məlumatlara deyil, İran təcrübəsinə üstünlük verdi.

Amma hətta bunu da peşəkar səviyyədə edə bilmədilər. Əgər bu barədə məlumat əvvəlcədən verilsəydi, bu qədər anlaşılmazlıq yaranmazdı. Əgər Qafqaz Müsəlmanları İdarəsi Şamaxı rəsədxanasından məlumat veriləndən dərhal sonra onu təkzib etsəydi, heç bu qarışıqlıq da yaranmazdı. Təsəvvür edin ki, avqustun 30-da İctimai Televiziyanın səhər proqramında bayram qeyd edilirdi, dəvət olunmuş dindarlar, BDU-nun İlahiyyat fakültəsinin müəllimləri ayın görünməsindən danışırdılar, SPACE telekanalında saat 12.00-da efirə gedən xəbərlər proqramında isə Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi isə bayramın hələ sabah qeyd olunacağını açıqlayırdı. Özü də onun açıqlaması çox qeyri-mütənasib idi. «Hər kəs özünə görə cavabdehdir. Kimsə Amerikada Ayın görünməsini əsas tutaraq oruc tutmursa, özü bilər. Bizdə bayram sabah qeyd olunacaq». Təbii ki, dünyanın istənilən ölkəsi üçün belə bir mənzərənin yaranması heç də xoş deyil.

Əlqərəz, baş verənlər növbəti illər üçün bizə yaxşı bir dərs olmalıdır. Heç olmasa növbəti il üçün vahid ramazan təqvimi hazırlanmalı, bayramın hansı gün qeyd ediləcəyi əvvəlcədən dəqiqləşdirilməlidir. Bu barədə ən azı bir gün əvvəldən ictimaiyyətə ətraflı məlumat verilməlidir.  İnsanlar bayram namazının nə vaxt qılınacağını şeyxə, onun müavinlərinə telefon açaraq öyrənməməlidirlər. Bu barədə idarənin saytının imkanlarından da istifadə edilməlidir. Əgər Qafqaz Müsəlmanları İdarəsi bu məsuliyyəti üzərinə götürmək istəmirsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərəkətə keçməlidir. Bayram günü ayrı-ayrı ölkələrin qəbul etdiyi qərarlara görə deyil, elmi məlumatlar əsasında müəyyən edilməlidir. Bütün dini təriqətlərin nümayəndələri üçün Şamaxı rəsədxanasının açıqladığı məlumatlar keçərli hesab olunmalıdır. Əgər Şamaxı rəsədxanasının məlumatlarından bu kimi mübahisə doğuran məsələlərdə də istifadə etməyəcəyiksə, onu niyə saxlayırıq? Özümüzdə belə bir elmi idarə varsa, niyə onun məlumatlarına deyil, İran ayətullahlarının mənbəyini bilmədiyimiz fətvalarına əsaslanmalıyıq. Axı Azərbaycan müstəqil dövlətdir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı